Tramp saatların dəyişdirilməsinə son qoyulmasını istəyir: Senata çağırış
ABŞ Prezidenti Donald Tramp ölkədə yay və qış vaxtına keçid zamanı saatların ildə iki dəfə dəyişdirilməsinin ləğv edilməsini nəzərdə tutan qanun layihəsinin Senatda qəbul olunmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdən Ohayo ştatında keçiriləcək mitinqə yola düşərkən jurnalistlərə açıqlamasında danışıb.
Trampın dəstəklədiyi “Sunshine Protection Act” qanun layihəsi ABŞ-da saatların ildə iki dəfə dəyişdirilməsi praktikasına son qoyaraq yay vaxtının daimi tətbiqini nəzərdə tutur. Sənəd iyul ayında Nümayəndələr Palatasında 308 səslə 117-yə qarşı qəbul edilib, lakin Senatda irəliləyiş əldə edə bilməyib.
ABŞ prezidenti bu sistemin iqtisadiyyata və insanların gündəlik həyatına əlavə yük yaratdığını bildirib. O, amerikalıların daha uzun müddət gün işığından istifadə etmək istədiyini, qış vaxtına keçiddən sonra isə havanın daha tez qaraldığını deyib.
Tramp qanun layihəsinin Senatda irəliləməsinə mane olan senator Tom Kotonu da tənqid edib. Koton isə daimi yay vaxtının qış aylarında səhərlərin daha qaranlıq olmasına səbəb olacağını və bunun məktəbə gedən uşaqlar üçün problem yarada biləcəyini bildirib.
11:39 04.10.2026
Oxunuş sayı: 47