Kiyev müdafiə xərcləri üçün əlavə 27 milyard dollar istəyir – Avropada suallar yarandı
Ukraynanın 2026-cı ilin sonunadək müdafiə xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan 27 milyard dolların 7 milyard dollarını qənaət hesabına təmin edə bildiyi, daha 12 milyard dolları isə tərəfdaşlarla birlikdə cəlb etməyi planlaşdırdığı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko bu barədə “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, qalan vəsait kritik əhəmiyyət daşıyır və Maliyyə Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə bu məbləğin hansı mənbədən qarşılanacağını müəyyənləşdirmək üçün çalışır.
Marçenko qeyd edib ki, Avropa Komissiyası bu il müvafiq maliyyə alətlərinin olmaması səbəbindən sözügedən məbləği təmin edə bilməyəcək.
Bununla yanaşı, Ukraynanın dövlət büdcəsinin maliyyələşdirilməsi ilə bağlı vəziyyətin fərqli olduğu bildirilib. Ölkə ilin sonunadək tərəfdaşlarından daha 29,5 milyard dollar almalıdır.
Marçenko Kiyevin zəruri islahatları həyata keçirməsi şərtilə bu vəsaitin cəlb olunacağına əminliyini ifadə edib.
Bundan əlavə, “UNİAN” yazır ki, Ukrayna “Ukraine Support Loan” çərçivəsində müdafiə xərcləri üçün daha 17 milyard avro əldə etməlidir.
Sentyabrın 10-da “The New York Times” Ukraynanın 2026-cı ilin sonunadək müdafiə xərclərinin maliyyələşdirilməsi üçün əlavə 27 milyard dollar tələb etməsi ilə bağlı Avropada suallar yarandığını yazıb. Nəşrin məlumatına görə, Avropalı rəsmilər bu qədər böyük maliyyə kəsirinin yaranacağını gözləməyib və onun səbəblərinin dəqiqləşdirilməsini istəyiblər.
Mövcud kəsirin qarşılanması üçün daha əvvəl razılaşdırılmış Aİ kreditinin ödənişlərinin sürətləndirilməsi və “Euroclear”da saxlanılan Rusiya vəsaitlərindən istifadə edilməsi variantlarının müzakirə olunduğu bildirilib.
16:06 03.10.2026
Oxunuş sayı: 43