İsrail ordusu Qərb sahilində 4 nəfəri həbs edib
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 4 fələstinlini saxlayıb, onlarla evdə axtarış aparıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi Fələstinin rəsmi WAFA xəbər agentliyinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri Salfit şəhərinin qərbində yerləşən Rafat kəndində evlərə basqın edib və 3 fələstinlini saxlayıb.
Tubas şəhərində isə daha bir gənc evinə keçirilən reyd zamanı həbs edilib.
Bundan başqa, Nablusun şimal-qərbində yerləşən Burqa qəsəbəsində onlarla evdə axtarış aparılıb. Yerli mənbələrin məlumatına görə, reydlər zamanı onlarla fələstinli sorğu-sual üçün saxlanılıb, bəzi gənclərin pis rəftara məruz qaldığı bildirilib.
Fələstinli məhbuslarla bağlı təşkilatların məlumatına əsasən, hazırda İsrail həbsxanalarında təxminən 9 350 fələstinli saxlanılır. Onların arasında 90 qadın və 350 uşaq olduğu bildirilir.
2023-cü ilin oktyabrında Qəzza müharibəsinin başlamasından sonra İordan çayının qərb sahilində həbslərin, hərbi reydlərin, evlərin sökülməsi və məskunlaşma fəaliyyətləri ilə bağlı insidentlərin artdığı bildirilir.
15:44 03.10.2026
Oxunuş sayı: 49