Nizami Cəfərov: Azərbaycan Türk dünyasının əlaqələndirici mərkəzidir
3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından əlamətdar tarixdir. Bu tarix Naxçıvan Sazişinin imzalanması və sonradan Türk Dövlətləri Təşkilatının formalaşması ilə bağlı olaraq Türk dünyasında əməkdaşlığın institusional əsaslarının möhkəmlənməsini ifadə edir.
Azərbaycan Xarici İşlər Nazirliyi də bu münasibətlə paylaşımında Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyin gücləndirilməsinə sadiqliyini vurğulayıb.
Crossmedia.az-a açıqlamasında akademik Nizami Cəfərov 3 Oktyabrın Türk dövlətləri arasında əməkdaşlıq və Türk dünyasının birliyi baxımından mühüm tarixi gün olduğunu bildirib. O, Azərbaycanın Türk dünyasında əlaqələndirici roluna diqqət çəkib:
“Doğrudan da, bu gün, əlbəttə, Türk dünyası üçün, Türk dövlətlərinin əməkdaşlığı günü çox möhtəşəm bir hadisədir: “Artıq bizim bu Türk dünyasında dostluq, əməkdaşlıq, qardaşlıq münasibətlərini nizamlamaq, bu münasibətlərlə fəxr etmək üçün xeyli günlərimiz, tarixi günlərimiz var. Onlardan biri də 3 Oktyabrdır”.
Akademik Azərbaycanın Türk dünyasında coğrafi və siyasi mövqeyinin ölkənin əlaqələndirici rolunu gücləndirdiyini qeyd edib: “Burada Azərbaycanın da rolu çox böyükdür. Ona görə ki, əvvəla Azərbaycan Türk dünyasının mərkəzində olan, Türkiyəni postsovet türkləri ilə əlaqələndirən çox möhtəşəm bir körpüdür. Bu, bizim geosiyasi mövqeyimiz həmişə xalqımızın xarakterində, fəaliyyətində, dövlət rəhbərlərimizin siyasi kursunda nəzərə alınıb və ən yüksək səviyyədə öz əksini tapır”.
Nizami Cəfərov Azərbaycan Prezidentinin Türk dünyasında oynadığı rola da toxunub: “O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk dünyasının ən böyük liderlərindən biridir. Türk dünyasının bir ailə olduğunu dəfələrlə deyən və Azərbaycan xalqının bu ailədə öz layiq olduğu yeri tutması üçün hər cür tədbirlər görən bir şəxsiyyətdir. Azərbaycan Türk dünyasını əlaqələndirir. Azərbaycan Türk dünyasında olan və ola biləcək konfliktlərin həllində həmişə öndədir, ilk növbədə Azərbaycan Prezidentinin şəxsində”.
Akademik Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətinin də Türk dünyası ilə bağlı məsələlərin diqqətdə saxlanılmasına imkan verdiyini bildirib: “Gələcəkdə bir sıra çox ciddi, mötəbər beynəlxalq təşkilatlara Azərbaycan rəhbərlik edib ki, orada türkologiya, Türk dünyası ilə bağlı, ümumtürk maraqları ilə bağlı xüsusiyyətlər həmişə çox qabarıqdır. Və o da təsadüfi deyil ki, Azərbaycan Prezidenti dünyanın harasında olursa olsun, eyni zamanda Türk dünyasının mənafeyini çox açıq şəkildə, heç bir şəkildə çəkinmədən, hər hansı təhlükədən qorxmadan ifadə edir. Bunların hamısı Azərbaycana Türk dünyasında çox böyük şərəf gətirir”.
Nizami Cəfərov Azərbaycanın Türk dünyasında iqtisadi, siyasi və mədəni istiqamətlərdə nüfuzunun olduğunu vurğulayıb: “Bu gün Türk dünyasının həm iqtisadi, həm siyasi, həm mədəni istiqamətlərində çox böyük nüfuzu var Azərbaycanın. Əlaqələndiricilik nüfuzu var. Yeni yollar, əməkdaşlıq yolları axtarmaq nüfuzu var. Çox ciddi problemlərin bir yerdə həll olunması üçün münbit şərait yaratmaq imkanları və təcrübəsi var”.
Nigar Xəlilli
16:15 03.10.2026
Oxunuş sayı: 49