Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı ittifaqında yeni mərhələ
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Dar İslamabadda jurnalistlərlə görüşündə sazişin kollektiv müdafiə prinsipinə əsaslandığını bildirib.
O, NATO-nun 5-ci maddəsinə bənzər şəkildə, sazişə daxil olan üç ölkədən hər hansı birinə silahlı hücumun bütün tərəflərə qarşı hücum kimi qəbul ediləcəyini deyib. Bu müddəa 7 avqust 2026-cı ildə Məkkədə imzalanmış sazişin rəsmi məzmununda da yer alır.
Dar bildirib ki, Səudiyyə Ərəbistanındakı son vəziyyəti müzakirə etmək üçün gələn həftə fövqəladə toplantının keçirilməsi nəzərdə tutulur.
“Biz Səudiyyə Ərəbistanını müdafiə etməyə borcluyuq”, – deyə pakistanlı nazir bildirib.
Onun sözlərinə görə, altıdan çox ölkə Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağa maraq göstərir. Dar həmin dövlətlərin adlarını açıqlamayıb.
Pakistan rəsmisi Əfqanıstan məsələsinə də toxunaraq İslamabadın Kabilə münasibətdə xoş niyyətli olduğunu, lakin Əfqanıstan ərazisinin Pakistana qarşı istifadə edilməyəcəyinə dair təminat gözlədiklərini bildirib.
Qeyd edək ki, Məkkə Birgə Müdafiə Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən 7 avqust 2026-cı ildə imzalanıb. Saziş kollektiv çəkindirmənin gücləndirilməsi, təhlükəsizlik və müdafiə əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur.
12:11 03.10.2026
Oxunuş sayı: 41