Nepalda uçqunda ölənlərin sayı 15-ə çatıb
Nepalın Himlunq dağında uçqun nəticəsində ölənlərin sayı 15-ə çatıb, daha bir nəfər isə itkin düşmüş hesab olunur.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Nepal Dağ Bələdçiləri Assosiasiyasının məlumatına görə, axtarış-xilasetmə işləri təhlükəli dağ şəraiti səbəbindən müvəqqəti dayandırılıb. Şərait imkan verdikdə axtarışların davam etdirilməsi nəzərdə tutulur.
Əməliyyatda təcrübəli bələdçilərin də daxil olduğu 11 xilasedici iştirak edib. Onlar qar örtüyünün 4 metrədək dərinliyində çalışıblar.
Xilasedicilər son günlər hava şəraitinin nisbətən əlverişli olmasından istifadə edərək baza düşərgəsindəki qar uçqununu təmizləyiblər. Nəticədə çadırlarda daha səkkiz nəfərin meyiti aşkarlanıb.
Bundan əvvəl iki dağ bələdçisinin meyiti bazar günü, iki mətbəx işçisinin meyiti bazar ertəsi, daha üç nəfərin cəsədi isə çərşənbə axşamı tapılıb.
Həlak olanların və itkin düşən şəxsin hamısının Nepal vətəndaşı olduğu bildirilir. Onlar xarici müştərilərin gəlişinə hazırlıq məqsədilə dağ marşrutunu hazırlayırdılar.
Uçqun baş verən zaman alpinistlər hələ düşərgəyə gəlməmişdilər. Nepalda son günlər əlverişsiz hava şəraiti nəticəsində ölənlərin ümumi sayının isə 20-ni keçdiyi bildirilir.
15:37 02.10.2026
Oxunuş sayı: 34