Peskov: Türkiyə və BMT-nin Qara dəniz təşəbbüsü ilə bağlı konkretlik yoxdur
Türkiyə və BMT-nin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı Rusiya və Ukrayna arasında danışıqların keçirilməsi təşəbbüsü ilə bağlı hələlik konkret məlumat yoxdur.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, Moskva Türkiyə və BMT-nin belə bir təşəbbüsündən xəbərdardır. Bununla belə, onun sözlərinə görə, Ukrayna tərəfi hələ də hər hansı kompleks razılaşmaya meyl göstərmir.
“İndilik heç bir konkretlik yoxdur”, - Peskov Türkiyə və BMT-nin təklifinin Rusiya tərəfinə çatıb-çatmadığı ilə bağlı suala cavabında deyib.
Qeyd edək ki, “Bloomberg” oktyabrın 1-də mənbələrə istinadən Türkiyə və BMT-nin Qara dənizdə atəşkəs məsələsi ilə bağlı Rusiya və Ukrayna arasında yeni danışıqlar hazırladığını yazıb.
Nəşrin məlumatına görə, təşəbbüs BMT Baş Assambleyasının iclasları çərçivəsində keçirilən qapalı görüş zamanı müzakirə olunub. Görüşdə Türkiyə ilə yanaşı, ABŞ, Hindistan, Misir və bir sıra Avropa ölkələrinin nümayəndələri də iştirak edib.
“Bloomberg” yeni məsləhətləşmələrin oktyabrın əvvəlində keçirilə biləcəyini bildirib.
10:35 02.10.2026
Oxunuş sayı: 64