Azərbaycan-Türkiyə qardaşlığına kimlər zərər vurmaq istəyir?
Son günlər Türkiyənin bəzi media qurumları və sosial media platformalarında Azərbaycana münasibətdə tənqidi və mənfi məzmunlu paylaşımların artması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkir. Azərbaycan Media və Yayım Şurası da bu paylaşımların bir qisminin əsassız və qərəzli olduğunu bildirərək məsələ ilə bağlı narahatlığını ifadə edib. Bununla yanaşı, rəsmi Bakı və Ankara səviyyəsində Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik və qarşılıqlı etimada əsaslandığı vurğulanır. Sentyabrın 15-də xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın görüşündə də iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Lakin BMT sammitində Azərbaycan nümayəndə heyətinin İsrail Baş naziri çıxış edərkən zalı tərk etməməsi Türkiyədə ictimai dairələr arasında qəribə şəkildə etiraxla qarşılanıb. Bu etirazdan daha çox iki dövlət arasındakı münasibətləri pozmaq istəyənlərin əlinə düşən fürsətə bənzəyir.

Crossmedia.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sosial şəbəkələrdə Azərbaycan və Türkiyə əleyhinə səsləndirilən fikirlərin iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilməyəcəyini bildirib: “Ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan və ya Türkiyə əleyhinə yazılan hansısa bir yazıya görə bizim əbədi münasibətlərimiz necə korlana bilər? Yəni bu, həm siyasi baxımdan, həm iqtisadi baxımdan Türkiyə ilə Azərbaycan elə birlikdədir ki, onu yazılarla pozmaq mümkün deyil. Ona görə də bu proses bir qədər şişirdilir. Yəni fikirlər, bir-iki nəfərin fikri fərqli ola bilər. Amma bu, strateji münasibətlərə qətiyyən aid olan məsələ deyil. Qardaşlığımız əbədi, davamlıdır”.
Ağ Partiyanın sədri Tural Abbaslı Azərbaycan-Türkiyə münasibətlərinin digər dövlətlərarası münasibətlərdən fərqli xarakter daşıdığını və iki ölkə arasında əlaqələrin “bir millət, iki dövlət” prinsipi üzərində qurulduğunu bildirib. O qeyd edib: “Azərbaycan və Türkiyə münasibətləri digər ölkələrin bir-biri ilə münasibətlərindən fərqlənir. Bunu biz cəmiyyət olaraq da hər zaman demişik ki, bir millət, iki dövlətdir. Və təbii ki, “bir millət, iki dövlət” şüarı ilə siyasi, iqtisadi və digər əlaqələri quran dövlətlərin münasibətləri də fərqli olacaq. Təbii ki, oradakı istər sosial media istifadəçiləri, blogerlər, jurnalistlər və yaxud da buradakılar bir-birinin işinə də qarışacaqlar, məsələlərə də fikir bildirəcəklər. Yəni biz əslində öz daxilimizdəki bəzi məsələləri həll eləməliyik”.

Tural Abbaslı iki ölkənin bir sıra məsələlərdə koordinasiyalı fəaliyyət göstərdiyini və münasibətlərin üçüncü tərəflərin maraqlarına görə zədələnməməli olduğunu vurğulayıb: “Bunu dəfələrlə Azərbaycan Respublikasının Prezidenti də qeyd edib, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, biz bir çox məsələlərdə Azərbaycanla, Azərbaycan Türkiyə ilə koordinasiyalı addım atırlar. Və bugün biz hansısa üçüncü dövlətlərə görə və yaxud da hansısa qrup maraqlarına görə Türkiyə ilə münasibətləri korlamamalıyıq. Və mən o fikir də deyiləm ki, elə Türkiyədən səslənən hər tənqid hansısa, belə deyək də, məkrli qrupların təbliğatıdır. Ola bilər səmimi tənqidlər də var, ola bilər Azərbaycandan gözləntilər də var. Necə ki, biz zamanında Türkiyə-Ermənistan münasibətlərində Türkiyənin Azərbaycanın həssaslığını nəzərə almasını hər zaman tələb etmişik, onlar da indi hansısa gözləntiləri ola bilər”.
Partiya sədri Azərbaycan və Türkiyədə iki ölkə arasındakı münasibətləri korlamağa çalışan müxtəlif qüvvələrin olduğunu düşündüyünü bildirib: “Mənə belə gəlir ki, həm Türkiyədə, həm Azərbaycanda Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışanlar var. Amma bunlar sadə insanlar deyil, blogerlər deyil, əleyhimizə yazanlar deyil. Rusiyanın beşinci kolonu var Azərbaycanda, onlar Türkiyə ilə Azərbaycan münasibətlərinin korlanmasının tərəfdarıdır. Türkiyənin özündə qərbmeyilli, məsələn, Amerikanın beşinci kolonu var, onlar Azərbaycan və Türkiyə münasibətlərinin daha, belə deyək də, aşağı səviyyədə olmasında maraqlıdırlar. Amma biz də elə hər bizə qarşı, yəni Azərbaycanın xoşuna gəlməyən fikir səsləndirilən kimi “bunlar bizi istəmir, biz ayrı dövlətlərik, hərənin öz dövləti var” kimi fikirlər də ziyanlıdır”.
Nigar Xəlilli
20:30 01.10.2026
Oxunuş sayı: 60