ABŞ: Çinin Tayvana hücumu 2028-dən əvvəl baş verməyə bilər
ABŞ rəsmiləri Çinin Tayvana mümkün hərbi müdaxiləsinin 2028-ci ildən əvvəl baş verməsini getdikcə daha az ehtimal olunan ssenari hesab edirlər.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, bu qiymətləndirmənin əsas səbəblərindən biri Çinin hərbi hazırlıq prosesində yaranan gecikmələrdir. Buna Çin Kommunist Partiyasının orduda həyata keçirdiyi korrupsiyaya qarşı kampaniyanın da təsir etdiyi bildirilir.
ABŞ rəsmilərinin sözlərinə görə, Pekin həmçinin 2028-ci ildə Tayvanda keçiriləcək seçkilərin nəticələrini gözləməkdə maraqlı ola bilər. Bəzi çinli rəsmilərin seçkilərdən sonra Pekinin mövqeyinə daha uyğun hökumətin hakimiyyətə gələ biləcəyinə ümid etdiyi bildirilir.
Çin lideri Si Cinpin ordunun 2027-ci ilə qədər Tayvanı lazım gəldiyi halda güc yolu ilə ələ keçirməyə hazır olması məqsədini irəli sürüb. Bununla belə, ABŞ kəşfiyyatı 2027-ci ili konkret işğal tarixi deyil, əsasən Çin ordusunun hərbi imkanlarının hazırlanması üçün müəyyən edilmiş hədəf kimi qiymətləndirib.
Mənbələr bildiriblər ki, Tayvanda 2028-ci il seçkilərində hakim Demokratik Tərəqqi Partiyasının yenidən qalib gəlməsi halında Pekinin hərbi təzyiqi artırmaq ehtimalı nəzərdən keçirilə bilər. Tayvan isə gələcəyinə yalnız ada sakinlərinin qərar verə biləcəyini bildirir.
15:02 01.10.2026
Oxunuş sayı: 52