Brent nefti 100 dolları keçdi: ABŞ-İran danışıqları bazarı silkələdi
Brent markalı neftin qiyməti ABŞ-İran danışıqlarının dalana dirənməsi ilə yenidən 100 dollar həddini keçib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Dünən 99,30 dollara qədər yüksələn Brent neftinin noyabr fyuçersləri günü 98,03 dollardan tamamlayıb. Bu gün saat 12:59-a olan məlumata görə, Brent neftinin dekabr fyuçersləri əvvəlki bağlanışla müqayisədə 2,5 faiz bahalaşaraq 100,49 dollara çatıb. Eyni vaxtda Qərbi Texas markalı (WTI) neftin noyabr fyuçerslərinin bir barreli 92,57 dollardan satılıb.
Qiymət artımına ABŞ-İran arasında danışıqların nəticəsiz qalması ilə bağlı xəbərlər təsir edib. ABŞ Dövlət katibi Marko Rubio-nun İran xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu nümayəndə heyətindən ABŞ-ı tərk etməsini tələb etdiyi iddia olunur.
“Axios”a danışan ABŞ rəsmisi bildirib ki, Ağ Ev sentyabrın 28-də səhər saatlarında İranla danışıqlarda irəliləyiş əldə oluna biləcəyini düşünürdü. Lakin günün ikinci yarısında danışıqların dalana dirəndiyi qənaətinə gəlinib.
“Associated Press”ə danışan iki ABŞ rəsmisi isə Əraqçinin sentyabrın 30-dək Nyu-Yorkda qalaraq Hörmüz boğazının yenidən açılması, münaqişənin dayandırılması və nüvə danışıqlarının bərpası məqsədilə ABŞ-la dolayı təmaslar aparmasının planlaşdırıldığını bildirib.
Həmin rəsmilərin sözlərinə görə, həftəsonu Qətərin vasitəçiliyi ilə aparılan təmaslarda məhdud irəliləyiş əldə edilsə də, daha sonra Rubio İran nümayəndə heyətindən ABŞ-ı tərk etməsini istəyib. İranın BMT-dəki Daimi Nümayəndəliyi isə nümayəndə heyətinin ABŞ tərəfindən Nyu-Yorkdan çıxmağa məcbur edildiyi barədə iddiaları təkzib edib.
ABŞ-İran danışıqları və Hörmüz boğazının açılması ilə bağlı gözləntilərin zəifləməsi neft bazarında təklif riskləri ilə bağlı narahatlığı artıraraq qiymətlərin yüksəlməsinə səbəb olub.
14:45 01.10.2026
Oxunuş sayı: 52