Azərbaycanın AQEM sədrliyinin nəticələri Bakıda müzakirə olundu
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunan Media Forumunda “Azərbaycanın sədrliyi: təşəbbüslər, əməkdaşlıq və nəticələr” mövzusunda panel sessiya keçirilib
Crossmedia.az xəbər verir ki, paneldə AQEM məkanında etimadın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşma və nəqliyyat bağlantılarının inkişafı, qadınların ictimai və iqtisadi həyatda rolunun artırılması, eləcə də qlobal qeyri-sabitlik fonunda regional təşkilatların əhəmiyyətinin yüksəlməsi kimi məsələlər müzakirə edilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov çıxışında bildirib ki, AQEM çərçivəsində iqtisadi inkişaf, rəqəmsal sistemlər, nəqliyyat şəbəkələri və ekoloji dayanıqlılıq kimi müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bağlantı və rəqəmsallaşma AQEM məkanında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan sədrliyi dövründə təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində iş aparılıb. Dayanıqlı, müasir və yaşıl nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanın və ölkələr arasında əlaqələrin dərinləşdirilməsinin əsas şərtlərindən biri kimi qeyd olunub.
Saməddin Əsədov qeyd edib ki, 2025-ci il ərzində AQEM-ə üzv dövlətlərlə məlumatların qorunması, kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, rəqəmsal transformasiya və innovasiyalar üzrə müxtəlif tədbirlər keçirilib. Qarşıdakı dövrdə şəxsi məlumatların qorunması, dayanıqlı nəqliyyat infrastrukturu və ekoloji cəhətdən təmiz mobillik üzrə ixtisaslaşmış təlim proqramlarının hazırlanması nəzərdə tutulur.
Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Mehmet Danış isə bildirib ki, AQEM-ə üzv dövlətlər arasında etimadın yaradılması tədbirləri təşkilat çərçivəsində əməkdaşlığın əsasını təşkil edir.
Onun sözlərinə görə, qarşılıqlı etimad və dialoq üzv dövlətlərə mövcud çağırışların öhdəsindən gəlməkdə istiqamət verə bilər. Bakıdakı müzakirələr medianın etimad mühitinin formalaşdırılmasında üzərinə düşən məsuliyyəti də ön plana çıxarır.
Mehmet Danış Türkiyənin AQEM çərçivəsində əməkdaşlığının ölkənin “Yenidən Asiya” təşəbbüsü ilə də uyğunluq təşkil etdiyini bildirib. Onun sözlərinə görə, bu yanaşma regional tərəfdaşlarla qarşılıqlı fayda və ortaq prioritetlər əsasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında müasir texnologiyaların, sosial şəbəkələrin və süni intellektin medianın rolunu əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayıb.
O bildirib ki, rəqəmsal mühitdə informasiyanın sürətlə yayılması yeni əlaqələrin yaranmasına imkan versə də, medianın və informasiya mənbələrinin məsuliyyətini artırır. Etimadın formalaşdırılması üçün yalnız etibarlı informasiyanın təqdim edilməsi deyil, həm də təhlükəsiz, inklüziv və məsuliyyətli rəqəmsal mühitin yaradılması vacibdir.
Sədaqət Qəhrəmanova rəqəmsallaşmanın qadınlar və qızlar üçün təhsil, məşğulluq, sahibkarlıq və ictimai iştirak baxımından yeni imkanlar yaratdığını qeyd edib. O, rəqəmsal imkanlara və bacarıqlara çıxışdakı fərqlərin aradan qaldırılmasının, qadınların rəqəmsal iqtisadiyyatın, innovasiyaların və informasiya mühitinin yaradıcı iştirakçılarına çevrilməsinin vacibliyini diqqətə çatdırıb.
Komitə sədrinin müavini həmçinin onlayn gender əsaslı zorakılıq və ayrı-seçkilik hallarına qarşı mübarizənin, rəqəmsal təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanın AQEM sədrliyi dövründə qadınların dayanıqlı inkişaf və ictimai həyatda rolunun artırılması istiqamətində mühüm təşəbbüslər irəli sürülüb və AQEM Qadınlar Şurasının yaradılması bu baxımdan mühüm addımlardan biridir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov çıxışında qlobal qeyri-sabitlik və beynəlxalq təhlükəsizlik sistemindəki böhran fonunda regional təşkilatların əhəmiyyətinin artdığını bildirib.
Onun sözlərinə görə, müharibələrin artması və həll olunmamış münaqişələrin dərinləşməsi ticarət marşrutlarına təsir göstərir, qarşıdurma risklərini artırır. Sanksiyalar və digər geosiyasi amillər də qlobal ticarətə təsir etdiyindən, ölkələr daha təhlükəsiz və proqnozlaşdırılan regional mühitin formalaşdırılması üçün regional təşkilatların imkanlarından daha fəal istifadə etməyə çalışırlar.
Fərhad Məmmədov Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin xüsusi yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin Asiyada regional əməkdaşlıq formatlarında iştirakının genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
O bildirib ki, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM sədrliyi ölkənin regional əməkdaşlığa məsuliyyətli yanaşmasının göstəricisidir. Sədrliyi dövründə AQEM-in institusional inkişafı, bağlantıların gücləndirilməsi, ekoloji dayanıqlılıq, daimi təsisatların yaradılması və təşkilatın beynəlxalq görünürlüğünün artırılması istiqamətində təşəbbüslər irəli sürülüb. (Trend)
13:50 01.10.2026
Oxunuş sayı: 47