Elektron siqaretin gənclər arasında yayılma statistikası açıqlandı
Türkiyədə 10-19 yaşlı gənclərin 21,9 faizinin elektron siqaretdən ən azı bir dəfə istifadə etdiyi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, Sağlığa Evet Dərnəyinin açıqladığı məlumatlara görə, 2026-cı ildə iki universitet xəstəxanasında 10-19 yaş qrupunda 488 uşaq və gənc arasında araşdırma aparılıb.
Araşdırmada iştirak edənlərin 12,5 faizinin son 30 gün ərzində elektron siqaretdən istifadə etdiyi müəyyənləşib. Gənclərin 27 faizi sosial mediada elektron siqaretlə bağlı məzmun və ya reklam gördüyünü bildirib.
Məlumata görə, yaxın dostları elektron siqaret istifadə edənlərin payı 35,9 faiz, adi siqaretdən istifadə edənlərin payı isə 46,1 faizdir.
Bundan əlavə, Türkiyədə 2025-ci ildə siqaret satışı 160 milyard ədədə çatıb. Həmin ilin ilk 10 ayında 8 milyon 584 mindən çox qaçaq elektron siqaret müsadirə edilib.
Mütəxəssislər bildirirlər ki, nikotin sənayesi yeni məhsullar və rəqəmsal marketinq vasitəsilə xüsusilə gənclərə yönəlir. Onların fikrincə, sosial media alqoritmləri nikotin məhsullarının təbliği üçün yeni reklam platformasına çevrilib.
12:55 01.10.2026
Oxunuş sayı: 47