Britaniya Fransa ilə miqrantların geri qaytarılması sazişini dayandırıb
Böyük Britaniya ilə Fransa arasında La-Manş boğazını kiçik qayıqlarla keçən miqrantların geri qaytarılmasını nəzərdə tutan “bir nəfər gəlir, bir nəfər gedir” pilot proqramı dayandırılıb.
Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, proqram çərçivəsində Britaniya bəzi miqrantları Fransaya geri göndərir, əvəzində isə Fransadan ölkəyə gəlmək üçün qanuni əsasları olduğu ehtimal edilən eyni sayda şəxsi qəbul edirdi.
Bir ildən bir qədər əvvəl başladılan proqram çərçivəsində indiyədək təxminən 1 500 nəfər Fransaya qaytarılıb. BBC-nin məlumatına görə, Britaniya hökuməti proqramın davam etməsini istəsə də, onun nəzərdə tutulan miqyasa çatmadığını düşünür.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, pilot proqram çərçivəsində yeni işlərin icraatına artıq baxılmır. Onun sözlərinə görə, əldə olunan təcrübədən ölkədə qalmaq hüququ olmayan və kiçik qayıqlarla gələn miqrantların geri qaytarılması prosesini sürətləndirmək üçün istifadə ediləcək.
11:18 01.10.2026
Oxunuş sayı: 46