Rütte Rusiyanın nüvə xəbərdarlığına cavab verdi
NATO-nun baş katibi Mark Rütte Rusiyanın Kalininqrad vilayətinin təcrid ediləcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyi barədə xəbərdarlığına cavab olaraq alyans ölkələrini sakit olmağa və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Rütte Rusiyanın NATO-ya göndərdiyi diplomatik notadan sonra alyans ölkələrinə müraciət edib. O, NATO-nun hazırkı fəaliyyətini davam etdirməli olduğunu vurğulayıb.
“Bizim demək istədiyimiz budur: sakit olun, eyni istiqamətdə davam edin və Ukraynanı dəstəkləyin”, - NATO baş katibi deyib.
Reuters-in məlumatına görə, Rusiya NATO-ya göndərdiyi diplomatik notada alyansın Kalininqrad vilayətini Rusiyanın qalan hissəsindən təcrid etməyə cəhd göstərəcəyi təqdirdə sərəncamındakı bütün qüvvə və vasitələrdən, o cümlədən nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.
NATO isə Rusiyanın bu xəbərdarlığını rədd edərək alyansın müdafiə xarakterli olduğunu və hərbi təlimlərinin Rusiya ərazisinə təhlükə yaratmadığını bildirib. Alyans Moskvanı nüvə ritorikasını dayandırmağa çağırıb.
Rütte həmçinin NATO ərazisinə Rusiya tərəfindən yaxın perspektivdə birbaşa təhlükə görmədiklərini bildirib. Onun sözlərinə görə, alyans Ukraynaya dəstəyi və öz müdafiə imkanlarının gücləndirilməsini davam etdirəcək.
11:04 01.10.2026
Oxunuş sayı: 41