Lagard: “Fransanın maliyyə vəziyyəti təhlükəlidir”
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olmasının “yaxşı fikir olmadığını” bildirib.
Laqardın Fransanın “La Croix” qəzetinə verdiyi müsahibə AMB-nin rəsmi saytında yayımlanıb.
Crossmedia.az xəbər verir ki, 2027-ci ilin oktyabrında başa çatacaq 8 illik səlahiyyət müddəti ilə bağlı danışan Laqard vəzifəsindən vaxtından əvvəl istefa verməsi ilə bağlı yayılan ehtimallara da aydınlıq gətirib. O, vəzifəsini müddətin başa çatmasına bir neçə ay qalmış tərk edə biləcəyini istisna etməyib.
“2027-ci ildə hələ də burada olacağam. Buna görə də vaxtından əvvəl istefa versəm belə, bu, yalnız bir neçə ayla məhdudlaşacaq və dünyanı alt-üst etməyəcək”, – deyə Laqard bildirib.
AMB rəhbəri Fransa prezidentliyinə namizəd olub-olmayacağı ilə bağlı suala isə bunun “qətiyyən yaxşı fikir olmadığını” söyləyib. O, 70 yaşında olduğunu və belə bir öhdəliyin ciddi enerji, güc və fədakarlıq tələb etdiyini qeyd edib.
“Fransa təhlükəli maliyyə vəziyyətindədir”
Laqard Fransanın iqtisadi vəziyyətini də qiymətləndirərək ölkənin “təhlükəli maliyyə vəziyyətində” olduğunu bildirib.
Onun sözlərinə görə, dövlət borcunun ÜDM-in 120 faizinə yaxınlaşması və borcun artımını nəzarət altına almaq üçün aydın yol xəritəsinin olmaması ciddi problemdir.
Laqard Fransada bürokratiyanın azaldılmasının, əmək bazarı islahatlarının dərinləşdirilməsinin və əhalinin ömrünün uzanması səbəbindən təzyiq altında olan pensiya sisteminin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Avropanın maliyyə sistemi
AMB rəhbəri Avropanın maliyyə sisteminin dayanıqlılığı ilə bağlı isə daha müsbət fikirlər səsləndirib.
“Biz nə 2008-ci, nə də 2011-ci ildəyik. Avropanın maliyyə sistemi artıq daha dayanıqlıdır”, – deyə Laqard bildirib.
O, vaxtilə ciddi böhranlar yaşayan Yunanıstan, Portuqaliya və İrlandiyanın dövlət maliyyələrini qaydaya saldığını və həmin ölkələrin sonradan orta göstəricidən yüksək iqtisadi artıma qayıtdığını qeyd edib.
05:20 01.10.2026
Oxunuş sayı: 54