ABŞ İraqdakı hərbi missiyasını başa çatdırdı
ABŞ İraqdakı son hərbçilərinin ölkədən çıxarılmasını tamamlayıb və bununla ölkədəki 23 illik hərbi iştirakına son qoyub.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında son Amerika hərbçilərinin İraqdan ayrıldığını açıqlayıb. O, bu günün ABŞ üçün “möhtəşəm gün” olduğunu bildirib və İraqdakı hərbi iştirakın uzun müddət davam etdiyini qeyd edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, sentyabrın 30-da Ərbil Hava Bazasında ABŞ hərbçiləri və hərbi texnikasının çıxarılması başa çatdırılıb. Bununla İraqdakı “Inherent Resolve” əməliyyatı da sona çatıb.
Pentaqon bildirib ki, ABŞ və koalisiya qüvvələrinin İraqdan çıxarılması 2024-cü ilin sentyabrında Vaşinqton və Bağdad arasında əldə olunan razılaşma çərçivəsində həyata keçirilib. Bundan sonra İraqın təhlükəsizliyinə görə əsas məsuliyyət ölkə hökumətinin üzərinə keçir. ABŞ isə İraqa təlim və kəşfiyyat dəstəyi göstərməyə davam edəcək.
Tramp ABŞ-ın 2003-cü ildə keçmiş prezident Corc Buşun dövründə başlayan İraq prosesinin öz prezidentliyi zamanı başa çatdığını bildirib. O, ABŞ hərbçilərinin İraqa İŞİD-lə mübarizə məqsədilə göndərildiyini və artıq onların ölkədə qalmasına ehtiyac olmadığını deyib.
ABŞ Prezidenti İraqın yeni Baş naziri Əli əz-Zeydini də dəstəklədiyini açıqlayıb və onun rəhbərliyində ölkənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Qeyd edək ki, ABŞ 2003-cü ilin martında Səddam Hüseyn rejimini devirmək məqsədilə İraqa müdaxilə edib. Vaşinqton 2011-ci ildə əsas hərbi qüvvələrini ölkədən çıxarsa da, sonrakı illərdə İŞİD-lə mübarizə çərçivəsində hərbi iştirakını davam etdirib. 2026-cı il sentyabrın 30-da isə ABŞ-nin İraqdakı hərbi missiyası tamamilə başa çatıb.
07:55 01.10.2026
Oxunuş sayı: 50