Süni intellekt tərcüməçiləri əvəz edəcəkmi?
Süni intellekt tərcümə sahəsini sürətlə dəyişsə də, araşdırmalar peşəkar tərcümə prosesində insan amilinin hələ də mühüm rol oynadığını göstərir.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qərarla 30 sentyabr Beynəlxalq Tərcümə Günü elan edilib. Bu gün müxtəlif dillər arasında əlaqəni təmin edən tərcüməçi, şifahi tərcüməçi və digər dil mütəxəssislərinin roluna diqqət çəkmək məqsədi daşıyır.
Böyük dil modelləri ənənəvi maşın tərcüməsindən fərqli olaraq yalnız sözləri başqa dilə çevirmir, mətnin kontekstini, cümlə quruluşunu və əvvəlki ifadələri nəzərə alaraq daha təbii nəticələr yarada bilir.
2026-cı ildə aparılan genişmiqyaslı araşdırma isə peşəkar tərcümə prosesində süni intellektin insanı tam əvəz etməsindən çox, insanla birlikdə istifadəsinin önə çıxdığını göstərib.
Avropa Maşın Tərcüməsi Assosiasiyasının 2026-cı il konfransında təqdim edilən araşdırmada ingilis dilindən 10 fərqli dilə və 5 müxtəlif sahəyə aid ümumilikdə 71 262 tərcümə seqmenti araşdırılıb. Onlardan 6 618-i 60 peşəkar tərcüməçi tərəfindən ayrıca qiymətləndirilib.
Tədqiqatçılar süni intellekt tərəfindən hazırlanmış maşın tərcüməsini dil qaydaları və yüksək keyfiyyətli ikidilli nümunələr əsasında yenidən işləyən “AI post-editing” sistemi hazırlayıblar. Bu sistem böyük dil modeli, “Google Translate” və “DeepL” tərəfindən hazırlanmış tərcümələrlə müqayisə edilib.
Araşdırmada süni intellekt dəstəkli iki son redaktə üsulunun ümumi keyfiyyət baxımından digər tərcümə sistemlərindən daha yaxşı nəticə verdiyi müəyyənləşdirilib. Birbaşa böyük dil modeli ilə aparılan tərcümələr isə eyni keyfiyyət səviyyəsinə çata bilməyib.
Nəticələr göstərib ki, süni intellektin hazırladığı mətnin sahə biliyi, terminologiya və redaktə qaydaları əsasında yenidən işlənməsi tərcümənin keyfiyyətinə əhəmiyyətli təsir göstərir.
Süni intellektin əsas üstünlüklərindən biri böyük həcmdə mətnləri qısa müddətdə emal etməsidir. Lakin araşdırmalar sürətin son nəticənin keyfiyyəti ilə eyni məna daşımadığını göstərir.
ABŞ-nin Ratgers Universitetinin tədqiqatçılarının 9 iyul 2026-cı ildə “Digital Translation” jurnalında dərc olunan araşdırmasında hüquqi xarakterli sənədlərin ingilis dilindən ispan dilinə tərcüməsi müqayisə edilib. Araşdırmada 27 peşəkar tərcüməçinin işi, maşın tərcüməsindən sonra insan tərəfindən aparılan redaktə və süni intellekt dəstəkli üsullar qiymətləndirilib.
03:37 01.10.2026
Oxunuş sayı: 41