Qəzzada daha bir media əməkdaşı həyatını itirdi
Qəzza zolağında İsrailin hücumu nəticəsində daha bir fələstinli jurnalist həyatını itirib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Qəzza hökumətinin Media Ofisinin açıqlamasına görə, Vəqflər və Dini İşlər Nazirliyinə bağlı “Qurani-Kərim” radiosunda çalışan Məhəmməd Əbdüləziz ən-Nəccar İsrailin hücumu nəticəsində öldürülüb. Anadolu Agentliyinin məlumatına görə, 38 yaşlı ən-Nəccar həmçinin məscid imamı, dini verilişlərin aparıcısı və müəllifi olub.
Onun ölümü ilə İsrailin Qəzza zolağına hücumları zamanı həyatını itirən jurnalistlərin sayı 263-ə yüksəlib.
Qəzza hökumətinin Media Ofisi fələstinli jurnalistlərin hədəfə alınmasını və öldürülməsini pisləyib. Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Birliyi və dünya üzrə media təşkilatlarına bu hücumları pisləmək çağırışı edilib.
Açıqlamada beynəlxalq ictimaiyyət və aidiyyəti təşkilatlardan İsrailə təzyiq göstərilməsi, Qəzza zolağında çalışan jurnalist və media əməkdaşlarının qorunması tələb olunub.
00:25 01.10.2026
Oxunuş sayı: 41