MI5 Britaniya alimlərinə Çinlə bağlı xəbərdarlıq etdi
Britaniyada 100-dən çox alim Çin kəşfiyyatına bağlı olduğu bildirilən araşdırmalarda iştirak edib.
Crossmedia.az xəbər verir ki, "BBC" bu barədə məlumat yayıb.
Britaniyanın daxili təhlükəsizlik xidməti MI5 bildirib ki, Çin General Texnologiya Tədqiqat İnstitutu (CGTRI) vasitəsilə 100-dən çox britaniyalı alim Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin (MSS) maliyyələşdirdiyi layihələrə cəlb olunub.
MI5-in yaydığı xəbərdarlıqda CGTRI-nin MSS ilə “çox güclü əlaqələrinin” olduğu və təşkilatın əsas məqsədinin kəşfiyyat imkanlarını gücləndirən elmi araşdırmaları maliyyələşdirmək olduğu qeyd edilib.
Bildirilir ki, layihələr süni intellekt, kibertəhlükəsizlik, gizli kommunikasiya sistemləri və məlumatların gizlədilməsi texnologiyaları kimi sahələri əhatə edib. MI5 bəzi alimlərin layihələrin arxasında Çin kəşfiyyatının dayandığından xəbərsiz ola biləcəyini də bildirib.
Təhlükəsizlik naziri Den Jarvis Britaniyadakı universitetlərin rəhbərlərinə məktub göndərərək CGTRI ilə əlaqələrin dayandırılmasını istəyib.
MI5 xəbərdarlığında CGTRI ilə əməkdaşlığın davam etdirilməsinin 2023-cü ildə qəbul edilən Milli Təhlükəsizlik Qanunu çərçivəsində cinayət məsuliyyətinə səbəb ola biləcəyi bildirilib.
Universitetləri təmsil edən “Universities UK” təşkilatı xəbərdarlığı nəzərdən keçirdiyini və mövcud və gələcək tərəfdaşlıqların mümkün nəticələrini qiymətləndirdiyini açıqlayıb.
Qeyd edək ki, iyun ayında Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyanın təhlükəsizlik qurumları Çin hərbi kəşfiyyatının peşəkar şəbəkə və işə qəbul platformaları vasitəsilə məlumat əldə etməyə çalışdığı barədə birgə xəbərdarlıq yayıb.
22:13 30.09.2026
Oxunuş sayı: 39