Azərbaycanda yeni Olimpiya idman növləri müzakirə olunur
Azərbaycanda Olimpiya proqramında yer alan, lakin ayrıca milli federasiya və davamlı hazırlıq sistemi ilə təmsil olunmayan idman növlərinin inkişafı məsələsi gündəmə gəlir. Milli Olimpiya Komitəsinin məlumatına görə, hazırda Olimpiya proqramına daxil olan idman federasiyalarının sayı 26-dır. Bununla yanaşı, 2026-cı il Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında skeytbordinq, sörfinq, qayayadırmanma və breykdans kimi yeni nəsil idman növlərinin yer alması bu istiqamətlər üzrə Azərbaycanda da sistemli hazırlığın əhəmiyyətini artırır.
Söhbət yalnız ayrıca federasiyanın yaradılmasından deyil, idmançıların aşkarlanması, məşqçilərin hazırlanması, infrastrukturun qurulması və beynəlxalq yarışlara çıxış imkanlarının formalaşdırılmasından gedir. Xüsusilə Olimpiya proqramının dəyişməsi ilə yeni idman növlərinin də böyük yarışlarda təmsilçilik imkanları yaranır və bu, Azərbaycanda həmin sahələrə marağın və hazırlıq sisteminin genişləndirilməsi məsələsini aktuallaşdırır. Bəs Azərbaycanda Olimpiya proqramındakı bu idman növlərinin inkişafı üçün ayrıca federasiyaların və vahid hazırlıq sisteminin yaradılması nə dərəcədə zəruridir?
Crossmedia.az-a açıqlamasında idman jurnalisti Kənan Həsənov Azərbaycanda ənənəvi olmayan bəzi idman növlərinin geniş yayılmamasının həmin sahələrə marağın və kütləviliyin aşağı olması ilə bağlı olduğunu bildirib. O, qayaya dırmanma, sörfinq və skeytbordinq kimi idman növlərinin Azərbaycandakı vəziyyətindən danışıb: “Hər bir ölkəyə xas spesifik idman növləri var. Ənənəvi idman növlərinə aid deyil. Ona görə də bu idman növləri üzrə milli federasiyaların olmaması və ya fəaliyyət göstərməməsi başa düşüləndir”.
Qayaya dırmanmanın Azərbaycandakı vəziyyətinə toxunan Kənan Həsənov bu idman növünün Alpinizm Federasiyasının tərkibində fəaliyyət göstərdiyini və ölkədə bunun üçün infrastrukturun mövcud olduğunu bildirib: “Qayaya dırmanma əslində bizdə Alpinizm Federasiyasının tərkibindədir. Hətta bu idman növü üzrə Bakıda mərkəz də fəaliyyət göstərir. Hündürlüyü 16 metrdir və orada müxtəlif yarışlar keçirilir. Hətta bizim idmançıların beynəlxalq yarışlarda iştirakı da təmin olunur. Bununla da, dediyim kimi, sırf Azərbaycan Alpinizm Federasiyası məşğul olur. Həmin idman növü Alpinizm Federasiyasının tərkibində fəaliyyət göstərir və yarışlara da qatılırlar”.
Sörfinqlə bağlı vəziyyətin fərqli olduğunu deyən idman jurnalisti bu idman növünün təbii şəraitdən ciddi şəkildə asılı olduğunu diqqətə çatdırıb: “Sörfinqlə bağlı vəziyyət bir qədər fərqlidir. Təbii ki, sörfinq əsasən okean kənarında olan ölkələr üçün spesifikdir. Çünki bu, ilk növbədə böyük təbii dalğalardan asılı olan idman növüdür. Xəzər dənizində isə nadir hallarda belə bir vəziyyət olur. Bizdə yelkənli sörfinqlə məşğul olanlar var. Amma təbii ki, bunun da hər hansı federasiyası yoxdur. Ona görə də beynəlxalq yarışlarda bizimkiləri görə bilmirik”.
Kənan Həsənov Azərbaycanda skeytbordinqin də əsasən həvəskar səviyyədə inkişaf etdiyini bildirib: “Skeytbordinq Azərbaycanda 2000-ci illərin əvvəllərindən etibarən mədəniyyət və ekstremal idman növü kimi inkişaf etməyə başlayıb. Bu, ilk növbədə həvəskar səviyyədə olub. Peşəkar səviyyədə əsasən yarışlar keçirilməyib. Beynəlxalq səviyyədə yarışlara da idmançılarımız qatılmayıb. Bu da qeyd etdiyim məsələlərlə bağlıdır. Çünki bizə xarakterik olan, bizim üçün spesifik sayılan idman növü deyil”.
Digər spesifik idman növləri üzrə ayrıca federasiyaların yaradılmasının həmin sahələrə olan tələbatla əlaqəli olduğunu bildirən ekspert Azərbaycanda bu idman növlərində kütləviliyin aşağı olduğunu qeyd edib: “Ona görə də bu idman növü üzrə yarışların keçirilməməsini təbii qarşılamalıyıq. Eyni zamanda sadaladığınız digər idman növləri ilə bağlı xüsusi federasiyaların olması bu günün tələbi ilə uzlaşmalıdır. Amma bizdə həmin idman növlərinə böyük tələbat yoxdur. Həmin idman növlərində kütləvilik yoxdur. Kütləvilik olmayan yerdə isə təbii ki, hər hansı rəqabətdən, nəticədən və parlaq idmançının üzə çıxmasından danışmaq yersizdir”.
Kənan Həsənov hesab edir ki, kütləviliyin olmadığı idman növlərində ayrıca federasiyaların yaradılması və həmin sahələrin peşəkar səviyyədə inkişaf etdirilməsi məsələsi də ikinci planda qalır: “Belə olan halda hər hansı federasiyaya da ehtiyac duyulmur. Bu idman növlərinin inkişafına da ciddi mənada ehtiyac duyulmur. Qayaya dırmanma istisna olmaqla, demək olar ki, bizdə həvəskar səviyyədədir və yarışlar da həvəskar idmançılar arasında keçirilir. Ona görə də bu idman növləri üzrə hər hansı beynəlxalq turnirə qatılmaq, beynəlxalq yarışlarda uğur qazanmaq artıq ikinci planda olan məsələdir. Belə olan halda da rəsmi federasiyaların olmamasını başa düşmək lazımdır”.
İdman jurnalisti Azərbaycanın ənənəvi və tarixi köklərə malik idman növlərinin inkişafının dövlətin və idman qurumlarının əsas prioritetlərindən biri olduğunu vurğulayıb: “Ən önəmlisi odur ki, bizdə Azərbaycana xas, ənənəvi, tarixi köklərə malik idman növləri var. Dövlətimizin də, Milli Olimpiya Komitəsinin də, Gənclər və İdman Nazirliyinin də əsas siyasəti bu idman növlərinin inkişafına yönəldilib. Bütün əsas gücü həmin istiqamətə yönəldiblər. O idman növlərinin inkişafı və beynəlxalq yarışlarda, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizə medal qazandırması bizim üçün əsas prioritetdir”.
Kənan Həsənov Azərbaycanın güləş, cüdo və digər idman növlərində beynəlxalq yarışlarda əldə etdiyi nəticələri də bu yanaşmanın göstəricisi kimi qiymətləndirib: “Bu sahədə də, bildiyiniz kimi, böyük uğurlarımız var. İstər Avropa, Dünya çempionatları, Olimpiya Oyunlarında güləş olsun, cüdo olsun və ya digər adını çəkmədiyim, ölkəmizdə daha çox inkişaf etmiş spesifik idman növləri olsun, bunlara qayğı və diqqət həmişə var, bundan sonra da olacaq. Bu da ondan irəli gəlir ki, həmin idman növlərinə ölkədə maraq var. Maraq həddindən artıq çoxdur. Bu üzdən də kütləvilik var, rəqabət var, üzə çıxan parlaq idmançılar və dünyaca məşhur idmançılar var. Ona görə də bu sahəyə qayğı və diqqət dünən də olub, bu gün də var, sabah da olacaq”.
Nigar Xəlilli
20:10 30.09.2026
Oxunuş sayı: 45