Asim Mollazadə: “Azərbaycan-İran münasibətlərində problem heç vaxt Bakıdan gəlməyib”
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı müxtəlif fərziyyələr səsləndirilib. Baş nazirin müavini Şahin Mustafayevin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşündə bu iddialara aydınlıq gətirilib. O, Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı fərziyyələri təkzib edib və Prezident İlham Əliyevin döyüşlərin başa çatdırılması, sülhün bərqərar olunması ilə bağlı mövqeyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın İranla münasibətlərə verdiyi əhəmiyyət də vurğulanıb. Şahin Mustafayev Azərbaycan Prezidentinin mövqeyini iki ölkə arasında mövcud olan isti münasibətlərin göstəricisi kimi qiymətləndirib, İranın Azərbaycan üçün dost ölkə olduğunu bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-a müsahibə verib:
-Azərbaycan və İran arasında keçirilən son görüşü münasibətlərin hazırkı mərhələsi baxımından necə qiymətləndirirsiniz?
-Azərbaycan hər zaman qonşu ölkələrlə normal münasibətlər qurmağa çalışıb. Bu ölkələrlə iqtisadi və mədəni sahələrdə münasibətlərini inkişaf etdirməyə çalışıb. Təbii olaraq İran bir dövlət kimi, rejimi Azərbaycanın müstəqil bir dövlət olmasını sevmədiyinə görə, İran tərəfindən biz dəfələrlə təxribata məruz qalmışıq. Xatırlatmaq istəyirəm ki, özünü İslam Respublikası adlandıran ölkə Azərbaycan-Ermənistan münasibətlərinin gərgin məqamlarında Ermənistana dəstək verib. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də öz siyasətini dostluq və normal müstəvidə qurub, iqtisadi münasibətlərin inkişafında maraqlı olub. Ona görə Şahin Mustafayevin dediyi bir sözlə tam həqiqətdir ki, Azərbaycan heç bir qonşu ölkəyə qarşı üçüncü tərəfin hansısa təzyiqlərinə və təsirlərinə imkan verməyib. Azərbaycan-İran münasibətlərində də İranda bəzən səslənən bu ittihamlar Azərbaycana qarşı həqiqətə uyğun deyil və Şahin Mustafayev həqiqətləri tam açıq ifadə edib.
-Bakı-Tehran siyasi dialoqu hazırda hansı səviyyədədir?
-Azərbaycan tərəfindən müsbət münasibət var. İranın isə, yenə də təkrar edirəm, səmimiyyətinə inanmaq çətindir. Çünki yenə də xatırladıram ki, İran hər zaman Ermənistana dəstək verib, müharibədə Ermənistanın yanında olub. Hətta Azərbaycan Silahlı Qüvvələrinin qarşısını almağa da bir məqamda çalışmışdı. Biz bunu yaxşı bilirik və yenə də təkrar edirəm ki, problem Azərbaycan tərəfindən heç vaxt gəlməyib. Azərbaycan öz siyasətini normal müstəvidə qurmağa çalışıb. Sadəcə olaraq, bu rejim stabil bir siyasət həyata keçirmir və bütün qonşu ölkələrlə problemlər yaradır.
-Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı iddiaların təkzib edilməsi qarşılıqlı etimada necə təsir edir?
-Müsbət təsir edir. Yenə də təkrar edirəm ki, Azərbaycan Baş nazirinin müavininin dediyi tam həqiqətlərdir və bu həqiqətlər İran rəhbərliyinə bəlli olmalıdır. Onlar bilməlidirlər ki, Azərbaycan səmimi ölkədir və birmənalı, səmimi siyasət həyata keçirir.
-İki ölkə arasında təhlükəsizlik sahəsində etimadı gücləndirmək üçün hansı addımlar atılmalıdır?
-Əlbəttə, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün Azərbaycan-Türkiyə müttəfiqliyi, ümumiyyətlə, bölgədə təhlükəsizliyi təmin etmək üçün ən əsas amillərdir. Ona görə də kimsə Azərbaycana qarşı hansısa oyunlar oynamaq istəsə, bilməlidir ki, tək Azərbaycanla deyil, Azərbaycanın qardaş ölkəsi Türkiyə ilə də üz-üzə gələcək.
-Regional gərginlik Bakı-Tehran münasibətlərinə hansı təsiri göstərə bilər?
-Mənə elə gəlir ki, regionda Azərbaycan məhz stabilliyə nail olmağa çalışır. Ona görə Azərbaycan bölgəni sabit əməkdaşlıq bölgəsinə çevirməyə çalışır və bu əməkdaşlıq və tərəfdaşlıq Azərbaycanın əsas siyasətinin əsas prioritetləridir.
-Qarşıdakı dövrdə Azərbaycan-İran münasibətlərində hansı məsələlər prioritet olmalıdır?
-Azərbaycan ən azı stabil qonşuluq siyasətinin tərəfdarıdır və bunu həyata keçirməyə çalışacaq. O ki qaldı İran hansı oyunları oynayacaq, hansısa problem yaratmaq istəsə, o problemlərin özü ilə üzləşəcək.
Nigar Xəlilli
19:00 30.09.2026
Oxunuş sayı: 46