Rusiyada dron hücumunda 7 tələbə yaralanıb
Rusiyanın Bryansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində kollec tələbələrinin yaralanması ilə bağlı cinayət işi açılıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, cinayət işi terror aktı maddəsi üzrə araşdırılır.
Məlumata görə, sentyabrın 30-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Trubçevsk şəhərində süd kombinatının yaxınlığında yerləşən avtomobil sisterninə dronlarla zərbələr endirib.
Hücum nəticəsində mülki şəxslər yaralanıb. Yaralananlar arasında müəssisənin yaxınlığında yerləşən Trubçevsk Avtomexanika Texnikumunda təhsil alan 7 tələbə də var.
Hadisənin başvermə şəraiti və hücumda iştirak edən şəxslər müəyyənləşdirilir.
Bundan əvvəl vilayətin qubernatoru Yeqor Kovalçuk hücum nəticəsində ümumilikdə 12 nəfərin yaralandığını bildirmişdi. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilmişdi.
18:12 30.09.2026
Oxunuş sayı: 38