Türkiyə ilk HÜRKUŞ-II təyyarələrini ordusuna təhvil verdi
Crossmedia.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti TUSAŞ-ın Kahramankazan müəssisəsində keçirilən mərasimdə ilk iki HÜRKUŞ-II təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.
Mərasimdə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, TUSAŞ rəhbərliyi və digər müdafiə sənayesi nümayəndələri iştirak ediblər.
Haluk Görgün bildirib ki, HÜRKUŞ-II Türkiyənin öz imkanları ilə hazırladığı insanlı təyyarələrin inkişafında mühüm mərhələdir. Onun sözlərinə görə, təyyarənin hazırlanması zamanı 23 min saata yaxın sınaq fəaliyyəti həyata keçirilib və 9 sentyabrda beynəlxalq standartlara uyğun hərbi tip sertifikatı alınıb.
Qeyd olunub ki, HÜRKUŞ-un kokpit və avionika arxitekturası Türkiyənin digər yerli hava platformaları olan HÜRJET və KAAN ilə uyğunlaşdırılıb. Bu xüsusiyyət pilotların gələcəkdə həmin platformalara keçidini asanlaşdıracaq.
Yeni nəsil təlim təyyarəsi əsas uçuş hazırlığı ilə yanaşı, yüngül hücum və yaxın hava dəstəyi missiyalarını da yerinə yetirmək imkanına malikdir. Rəsmi açıqlamaya görə, HÜRKUŞ-un istehsalında yerlilik səviyyəsi 80 faizə yaxın təşkil edir.
Haluk Görgün bildirib ki, əvvəlcə 15 təyyarə üçün nəzərdə tutulan tədarük proqramı genişləndirilərək ümumilikdə 55 təyyarəyə çatdırılıb. Planlara əsasən, 2028-ci ilin sonuna qədər bütün təyyarələrin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi nəzərdə tutulur.
TUSAŞ rəhbəri Mehmet Demiroğlu isə HÜRKUŞ-un Türkiyənin sabit qanadlı hava vasitələri sahəsində mühüm mərhələ olduğunu və bu layihədən əldə edilən mühəndislik təcrübəsinin HÜRJET və KAAN proqramlarına ötürüldüyünü bildirib.
15:03 28.09.2026
Oxunuş sayı: 44