İlahiyyatçı: İslam süni mayalanma ilə doğulan uşaqları qəbul etmir
Reproduktiv sağlamlıq məsələləri Azərbaycanda uzun illərdir həm hüquqi, həm tibbi, həm də dini müstəvidə müzakirə olunur. Xüsusilə süni mayalanma, donor istifadəsi və daşıyıcı analıqla bağlı məsələlər əvvəlki illərdə hazırlanan qanun layihəsi ətrafında ciddi müzakirələrə səbəb olub. Həmin layihədə surroqat analıq və donor məsələləri ilə bağlı müddəalar cəmiyyətdə fərqli mövqelərin ortaya çıxmasına səbəb olmuşdu. Xüsusəndə dini cəhətdən ilahiyyatçılar bunu qəbul edə bilmir, islama zidd olduğunu deyir.
Mövzunun yenidən gündəmə gəlməsi ilə dini baxımdan bu prosedurlara münasibət də diqqət mərkəzinə keçib. Qeyd edək ki, 2026-cı ilin Milli Məclisin qanunvericilik işləri planında müxtəlif sahələr üzrə qanun layihələri yer alsa da, açıq yayımlanan yaz sessiyası planında ayrıca “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi göstərilmir. Bununla belə, Azərbaycanda süni mayalanma və daşıyıcı analıqla bağlı hüquqi tənzimləmə məsələsi əvvəlki illərdə də müzakirə olunub və hazırda bu sahəyə dair dini mövqe yenidən diqqət çəkir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dinində insanın, nəslin və ailə institutunun qorunması fundamental dəyərlər sırasında yer alır:

"İslam dininin fundamental dəyərləri içərisində insan səadəti, insanın xoşbəxtliyi və insanın əbədi həyatı qazanması kimi universal dəyərlər dayanır. Çünki Allah-Təala “Bəqərə” surəsinin 30-cu ayəsində insanı yer üzərində xəlifə olaraq yaratdığını bildirir. Yəni insan ali, şüurlu və dəyərli bir varlıqdır. Ona görə də Uca Yaradan insanın soyunun, nəslinin, şəxsiyyətinin, insan kimliyinin, qəlbinin və dəyərlərinin qorunub saxlanılmasını istəyir. Bunun üçün də qanunlar göndərib. Necə ki, dünyada yol hərəkəti qanunları insanların təhlükəsizliyinə, xoşbəxtliyinə və səadətinə xidmət edir, eynilə şəriət qanunları da insanların mənəvi və maddi sağlamlığına xidmət edir".
İlahiyyatçı qeyd edib ki, son illərdə dünyanın müxtəlif bölgələrində donor məsələləri, surroqat analıq, “genetik ana” anlayışı və övladı olmayan cütlüklərin reproduktiv texnologiyalardan istifadə etməsi ilə bağlı yeni yanaşmalar meydana çıxıb:
"İslam dini nəslin artırılmasını istəyir, amma bunun şəri ölçüsü nikah yoludur. Nikahda olan iki fərd arasında, məsələn, kişidən spermatozoidin və qadından yumurtahüceyrənin götürülməsi çərçivəsində meydana gələn övlad həmin ailənin övladı hesab oluna bilər. Lakin üçüncü şəxsin, yəni donorun prosesə daxil olması qəbulolunmazdır. Çünki burada soy və nəsil məsələsi ortaya çıxır. Eyni zamanda, bir qadının öz bətnini doqquz aylıq müddətə başqa şəxslər üçün “icarəyə verməsi”, yəni surroqat analıq da üçüncü şəxsin prosesə daxil olması kimi qiymətləndirilir. İslam dini bu cür nəsli, soyu və kökü qarışdıran hallardan uzaqdır. İslamda hər şeyin aydın və şəffaf olması əsas götürülür, ailə qurmaq üçün nikah uyğun görülür və nikahdan doğulan övladlar əsas qəbul edilir. Bunlardan kənar münasibətlər isə dini baxımdan qəbuledilməz sayılır və bu dəyərlərin dəyişməz olduğu bildirilir".
Zeynəb Həsən
13:20 28.09.2026
Oxunuş sayı: 35