Azərbaycanın enerji siyasətində yaşıl dönüş: yeni investisiyalar və ixrac imkanları
Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətində bərpaolunan mənbələrin payının artırılmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, qarşıdakı beş ildə günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, bunun hesabına daxili elektrik tələbatında təbii qaza olan ehtiyacın azaldılması və qənaət olunan qazın ixrac imkanlarının artırılması nəzərdə tutulur. Azərbaycanda bu istiqamətdə yeni layihələr də həyata keçirilir. Sentyabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası istifadəyə verilib və stansiyanın ildə təxminən 45 milyon kubmetr təbii qaza qənaət etməsi gözlənilir.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Azərbaycanın gələcək iqtisadi inkişaf prioritetlərinin daha aydın şəkildə ortaya qoyulması baxımından mühüm platforma olduğunu bildirib:
“Forumda imzalanan sənədlərin müxtəlif sahələri, o cümlədən bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye və digər istiqamətləri əhatə etməsi göstərir ki, Azərbaycanın investisiya siyasəti yeni və yüksək perspektivli sahələrə də yönəlib. Məhz bu kontekstdə Prezident İlham Əliyevin günəş və külək enerjisinin qarşıdakı illərdə genişləndirilməsi, daxili enerji istehlakında təbii qazın payının azaldılması və qənaət olunan qazın ixraca yönəldilməsi ilə bağlı açıqlaması xüsusi əhəmiyyət daşıyır. Burada söhbət Azərbaycanın enerji resurslarından istifadənin iqtisadi səmərəliliyini artırmağa hesablanmış yeni modelin formalaşmasından gedir”.
Nigar Məmmədova bildirib ki, İnvestisiya Forumunda bərpaolunan enerji ilə bağlı ayrıca panelin keçirilməsi də bu istiqamətə diqqətin göstəricisidir: “Sessiyada bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsi, regional enerji bağlantılarının inkişafı və enerji təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub”.
Onun sözlərinə görə, günəş və külək enerjisinə yatırılan investisiyalar yalnız yeni elektrik stansiyalarının yaradılması ilə məhdudlaşmır: “Görünən budur ki, günəş və külək enerjisinə yatırılan investisiya yeni elektrik stansiyalarının yaradılması ilə yanaşı, enerji infrastrukturu, yeni texnologiyalar və xidmət sektorları üçün də yeni bazar yaradır. Forum çərçivəsində aparıcı beynəlxalq investisiya şirkətlərindən “Brookfield Asset Management” ilə enerji keçidi, bərpaolunan enerji və enerji saxlanc sistemləri üzrə mümkün layihələrin müzakirəsi də bu istiqamətə beynəlxalq investor marağının əsas nümunələrindən biridir”.
Nigar Məmmədova qeyd edib ki, Azərbaycan üçün digər mühüm məqam təbii qazın daha yüksək iqtisadi dəyərə malik istiqamətlərə yönəldilməsidir: “Elektrik enerjisinin bir hissəsinin günəş və külək hesabına istehsal olunması nəticəsində elektrik generasiyasında istifadə edilən qazın müəyyən hissəsinə qənaət etmək mümkündür. Qənaət olunan qaz isə daxili istehlak əvəzinə ixrac potensialını artıran resursa çevrilmiş olur. Beləliklə, yaşıl enerji ənənəvi enerji sektoruna alternativ olmaqla yanaşı, müəyyən mənada onun ixrac imkanlarını da dəstəkləmiş olur”.
Deputat bildirib ki, forum çərçivəsində Azərbaycanın investisiya imkanlarının təqdim edilməsi, yeni texnologiyaların və kapitalın cəlb olunması, enerji bağlantılarının genişləndirilməsi və bərpaolunan enerjinin bu proseslərin kəsişdiyi əsas istiqamətlərdən birinə çevrilməsi diqqətə çatdırılıb: “Prezidentin Forum iştirakçılarına müraciətində də Azərbaycanın investisiyalara yalnız kapital kimi deyil, texnologiya, təcrübə, innovasiya və yeni bazarlara çıxış baxımından yanaşdığı vurğulanıb”.
O, Azərbaycanın bərpaolunan enerji potensialının bu siyasətin miqyasını daha da genişləndirdiyini bildirib: “Ölkəmizdə həm günəş, həm də külək enerjisi üzrə böyük imkanlar mövcuddur. Sentyabrın 16-da Qaradağ rayonunda 100 MVt gücündə ‘Qobustan’ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi də bu istiqamətdə real layihələrin genişləndiyini göstərir. Layihədə enerji saxlanc sistemləri üzrə texnologiyalara malik Çin şirkətinin iştirakı isə yaşıl enerjinin eyni zamanda texnoloji əməkdaşlıq platformasına çevrildiyini nümayiş etdirir”.
Nigar Məmmədovanın sözlərinə görə, regional enerji bağlantılarının inkişafı Azərbaycanın gələcəkdə yaşıl enerjinin regional bazarlara çıxarılmasında rolunu artıracaq: “Bu isə ölkənin ənənəvi neft-qaz ixracatçısından çoxşaxəli enerji təchizatçısına transformasiyası baxımından mühüm mərhələdir”.
Deputat sonda bildirib ki, yaşıl enerji Azərbaycanın enerji siyasətində iqtisadi diversifikasiyanın, yeni investisiyaların və gələcək ixrac strategiyasının əsas istiqamətlərindən birinə çevrilir: “Faktiki olaraq, yaşıl enerji Azərbaycanın enerji siyasətində iqtisadi diversifikasiyanın, yeni investisiyaların və gələcək ixrac strategiyasının əsas istiqamətlərindən birinə çevrilir”.
Nigar Xəlilli
14:00 28.09.2026
Oxunuş sayı: 42