Liverpulda “Palestine Action”a dəstək aksiyası keçirilib
Britaniyada hakim İşçi Partiyasının Liverpulda keçirilən illik konfransı zamanı “Palestine Action” qrupuna qoyulan qadağanın ləğvi tələbi ilə etiraz aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, “Yasağı ləğv edin” şüarı ilə keçirilən aksiyada təxminən 200 nəfər iştirak edib.
Etirazçılar “Soyqırıma qarşıyam, Palestine Action-ı dəstəkləyirəm” yazılmış plakatlar qaldıraraq oturaq aksiya keçiriblər. Polis qadağan olunmuş təşkilata dəstək göstərmək ittihamı ilə bir sıra iştirakçıları saxlayıb.
Aksiya iştirakçılarından bir qrup tədbirin keçirildiyi ərazidə yerləşən restorana gələn Böyük Britaniyanın xarici işlər naziri Ed Milibandla da üz-üzə gəlib.
Etirazçılar Milibanddan “Palestine Action”a tətbiq edilən qadağanın ləğvini tələb edib və aksiyada iştirak edən şəxslərin dinc etiraz etdikləri halda saxlanıldığını bildiriblər.
Bundan əvvəl Britaniyanın məşhur “Massive Attack” qrupunun üzvü Robert Del Naja da Liverpulda “Palestine Action”a dəstək məqsədilə keçirdiyi fərdi aksiyada saxlanılmışdı.
“Palestine Action” İsraillə əməkdaşlıq edən şirkətlərə qarşı keçirdiyi aksiyalarla tanınır. Qrup 2025-ci ilin iyununda Böyük Britaniyanın Brize Norton hərbi hava bazasında keçirdiyi aksiya ilə gündəmə gəlmişdi.
Həmin vaxt fəallar bazaya daxil olaraq hərbi təyyarələrin mühərriklərinə qırmızı boya püskürtmüş və təyyarələrə Fələstin bayrağı yerləşdirmişdilər.
Bundan sonra Britaniya hökuməti qrupun qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsi prosesinə başlamış və 2025-ci ilin iyulunda “Palestine Action”a qadağa tətbiq edilmişdi.
Qərarın ləğvi üçün sonradan hüquqi proses başladılıb. Britaniya Ali Məhkəməsi fevralın 13-də qrupun qadağan edilməsini qanunsuz hesab etsə də, hökumətə apellyasiya hüququ verildiyi üçün qərarın icrası qüvvəyə minməyib.
Polis isə “Palestine Action”a açıq dəstək nümayiş etdirən şəxslərin saxlanılmasının davam etdiriləcəyini açıqlayıb.
11:41 28.09.2026
Oxunuş sayı: 41