Çin və ABŞ “Ticarət Şurası” yaradacaq
Çin və ABŞ arasında aparılan iqtisadi-ticarət məsləhətləşmələri çərçivəsində tərəflər 30 milyard dollar dəyərində mal ticarətinə qarşılıqlı tarif endirimi tətbiq etmək barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, tərəflər iki ölkə arasında ticarətin asanlaşdırılması məqsədilə “Ticarət Şurası”nın yaradılması barədə razılaşıblar.
Razılaşmaya əsasən, kömür idxalı da qarşılıqlı tarif endirimi çərçivəsinə daxil edilib. Çin tərəfinin 2027 və 2028-ci illərdə ABŞ-dan kömür idxal edəcəyi bildirilib.
Tərəflər həmçinin potensial investisiyaların və investisiya qarşısındakı maneələrin müzakirəsi üçün “İnvestisiya Şurası”nın yaradılması barədə razılığa gəliblər.
Bundan başqa, iki ölkənin kənd təsərrüfatı məhsullarına qarşılıqlı bazar çıxışının təmin edilməsi məqsədilə işçi qrup yaradılacaq. Maliyyə xidmətləri sahəsində də prinsipial razılığın əldə olunduğu açıqlanıb.
Süni intellekt üzrə dialoq başlayıb
Çin Baş nazirinin müavini He Lifeng və ABŞ maliyyə naziri Skott Bessentin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında süni intellekt üzrə dialoqa başlanılıb.
İlk müzakirələrdə süni intellektlə bağlı risklər və imkanlar nəzərdən keçirilib. Tərəflər dialoqun ikinci mərhələsinin noyabrın sonunadək keçirilməsi və texnologiya ilə bağlı mümkün insidentlər üçün əlaqə kanalının yaradılması barədə razılaşıblar.
Açıqlamada həmçinin bildirilib ki, tərəflər Malayziyada keçirilən görüşlərdə əldə olunan müvəqqəti razılaşmanın müddətini 2027-ci il yanvarın 10-dək uzatmaq qərarına gəliblər. Bu müddət ərzində qarşılıqlı məqbul razılaşmanın əldə olunması planlaşdırılır.
11:32 28.09.2026
Oxunuş sayı: 51