Polşa Ukraynaya hərbi istehsal üçün dəstək təklif etdi
Polşa Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı məqsədilə öz ərazisində zavod tikməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” nəşri Polşa Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən bu barədə məlumat yayıb.
Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska bildirib ki, zavodun təhlükəsiz ərazidə yerləşməsi məqsədilə belə bir təklif irəli sürülüb.
Onun sözlərinə görə, Kiyev Vaşinqtondan müvafiq lisenziya alacağı təqdirdə təklif qüvvədə qalacaq.
Rəsmi vurğulayıb ki, “Patriot” raketlərinin istehsalı ilə bağlı qərar Ukraynanın maraqlarına zidd olsa belə, Polşa öz ərazisini təqdim etməyə və bu istiqamətdə səylərini davam etdirməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ukraynanın müraciətlərinə baxmayaraq, yeni hərbi yardım paketi çərçivəsində Kiyevə “Patriot” sistemləri üçün raketlər verməkdən imtina edib.
Bunun səbəbi kimi ABŞ-ın öz raket ehtiyatlarının kifayət etməməsi göstərilib. Bildirilib ki, Yaxın Şərqdəki münaqişədə iştirakdan sonra Vaşinqtonun hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatları azalıb.
11:20 28.09.2026
Oxunuş sayı: 41