İordan çayının qərb sahilində hücumlar: traktor və yük maşını yandırıldı
İsrailli işğalçılar İordan çayının qərb sahilində yerləşən iki yaşayış məntəqəsinə hücum edərək fələstinlilərə məxsus nəqliyyat vasitələrini yandırıblar.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi yerli mənbələrə istinadən bu barədə məlumat yayıb.
Hücumlar bazar ertəsi Ramallahın şimalında yerləşən Ras Karkar və qərbindəki Deyr Əbu Məşəl yaşayış məntəqələrində baş verib.
Ras Karkarın Əl-Şaab əl-Quvayt bölgəsinə hücum edən qrup kənd təsərrüfatı traktorunu və yük maşınını yandırıb.
Deyr Əbu Məşəl kəndində isə fələstinlilərə məxsus evə hücum edilib və həyətində park edilmiş avtomobilə od vurulub.
Hücumlar İordan çayının qərb sahilində zorakılığın artdığı, xüsusilə zeytun yığım mövsümünün yaxınlaşdığı dövrə təsadüf edib. Bu mövsümdə fermerlərə, onların torpaqlarına və əmlakına qarşı hücumların adətən artdığı bildirilir.
İyun ayında BMT-nin 14 eksperti dövlətin dəstəklədiyi işğalçıların zorakılığının kəskin artmasının Fələstin icmaları üçün mövcudluq təhlükəsi yaratdığı barədə xəbərdarlıq edib.
Fələstinin Müstəmləkələşdirmə və Divara Müqavimət Komissiyasının məlumatına görə, avqust ayında İordan çayının qərb sahilində, o cümlədən işğal altındakı Şərqi Qüdsdə israilli məskunlaşanlar tərəfindən 628 hücum qeydə alınıb.
Fələstinlilərin hesablamalarına əsasən, İordan çayının qərb sahilində 194 qanunsuz yaşayış məntəqəsi və 400 məskunlaşma postunda təxminən 750 min israilli məskunlaşan yaşayır.
Fələstin tərəfinin məlumatına görə, 2023-cü il oktyabrın 8-də İsrailin Qəzza zolağına qarşı müharibəsinin başlanmasından sonra İsrail ordusu və məskunlaşanlar işğal altındakı ərazilərdə hücumları intensivləşdiriblər.
Həmin məlumatlarda indiyədək 254-ü uşaq olmaqla 1 206 fələstinlinin öldürüldüyü, təxminən 13 350 nəfərin yaralandığı və 24 600-dən çox şəxsin həbs edildiyi bildirilir.
11:13 28.09.2026
Oxunuş sayı: 55