9 yaşında hicab niyə məcburidir? İlahiyyatçıdan ŞOK AÇIQLAMA
Dini tərbiyə uşağın ailə daxilində formalaşan dünyagörüşünün mühüm hissələrindən biri ola bilər. Xüsusilə İslamda həddi-büluğ anlayışı dini məsuliyyətin başlanması ilə əlaqələndirilir və bu səbəbdən qız və oğlan uşaqlarının ibadətə hazırlığı ilə bağlı yaş məsələsi tez-tez müzakirə olunur. Azərbaycanda da bu mövzu həm dini yanaşma, həm valideyn məsuliyyəti, həm də uşağın hüquqları baxımından diqqət çəkir. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı, istənilən dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququ var. Eyni zamanda, Azərbaycan qanunvericiliyi valideynlərin uşaqları öz dini əqidələrinə və dinə münasibətlərinə uyğun tərbiyə edə biləcəyini nəzərdə tutur. Bununla yanaşı, uşağın dinə etiqad etməyə məcbur edilməsi qadağandır və dini tərbiyənin uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməsi tələb olunur. 2026-cı ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanunda da uşağın vicdan azadlığı, fikir və söz azadlığı ayrıca təsbit edilib. Beləliklə, dini tərbiyə məsələsində valideynin hüququ ilə uşağın vicdan və fikir azadlığı arasındakı sərhəd xüsusi əhəmiyyət daşıyır. Bəs dini baxımdan qız uşağının 9 yaşından hicab taxması məsələsində valideyn hansı məsuliyyəti daşıyır? Uşağın dini dəyərlərlə böyüdülməsi ilə onun iradəsinin nəzərə alınması arasında balans necə qurulmalıdır?
Mövzu ilə bağlı ilahiyyatçı Fazil Əhmədli Crossmedia.az-a açıqlamasında bildirib ki,hicablı bir xanıma 9 yaşından hicab taxmaq vacib olursa, bu məsuliyyəti valideyn də daşıyır: “Yəni valideyn üçün namaz necə vacibdirsə, 9 yaşına çatmış qız uşağına hicabı aşılamaq da namaz kimi vacibdir və bu məsuliyyəti ana da daşıyır:
"Mən iki qrupa bölə biləcəyim neçə-neçə insan tanıyıram. Bu sözü səmimi deyirəm, dəfələrlə şahid olmuşam. Hətta deyəcəyim bu insanları siyahıya da bölə bilərəm, çünki mən 90-cı illərdən ibadət əhliyəm və sonradan ilahiyyatçı olmuşam. Birinci qrupdakılar deyirlər: “Kaş ki, valideynlərimiz bizə 9 yaşından hicabın vacib olduğunu deyərdilər”. İkinci qrupdakılar isə deyirlər: “Nə yaxşı ki, valideynlərim bunu mənə vaxtında dedilər və mən 9 yaşımdan hicabda oldum”. Namaz məsələsi də belədir. Qız uşağı 9 yaşından, oğlan uşağı isə 13-14 yaşından sonra namaza başlamazsa, qılmadığı illərin qəzası onun boynuna gəlir. Bəziləri deyirlər ki, uşaq gərək mahiyyəti dərk etsin, sonra başlasın. Uşaq indi namazın mahiyyətini dərk etmir, necə ki, dərs oxumağın mahiyyətini də dərk etmir. Biz hamımız uşağı səhər saat 7-də məcbur edirik ki, ayağa qalxsın. Uşaq dərs oxumağın onun üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmir; bu məsuliyyəti valideyn daşıyır. Eynilə, əgər qiyamət gününün olacağına əminiksə, Qurani-Kərimin sözlərinə imanımız varsa və məntiqi baxımdan da qiyamətin olacağına inanırıqsa — çünki dünyəvi məsələlərdə də birinə iş tapşıranda nəticədə ondan hesabat alırıq — deməli, ölüm hələ hər şeyin sonu deyil. Əgər ölümdən sonra həyat varsa, insan məsuliyyət daşıyır. Tək özü üçün də yox; bir valideyn 9 yaşına çatmış qız uşağı və 13-14 yaşından sonra oğul uşağı üçün də məsuliyyət daşıyır. Nə qədər insan tanıyıram ki, hal-hazırda “kaş ki” ilə danışırlar. Məsələn, qız uşağı deyir: “Niyə mənə uşaq yaşımda namazın və hicabın vacib olduğunu izah etmədiniz? İndi mən gərək onların qəzalarını qılam”. İkinci tərəfi də bundadır ki, bu tərbiyəni aşılamağın öz metodları var. O dərəcədə deyil ki, uşağa 7-8 yaşına qədər heç nə deməyəsən, ad günü olan kimi də deyəsən ki, “Qızım, keç hicaba”. Belə bir şey yoxdur və edilmir. 9 yaşına çatana qədər qız uşaqları müxtəlif tədbirlərdə və mövludlarda iştirak edir, öz yaşıdlarını görürlər. Şəxsən öz qız övladım 8 yaşında ağlayırdı ki, hicab istəyirəm. Onu sakitləşdirirdim ki, hələ sənə vacib deyil, 9 yaşından sonra taxarsan. Görün bu proses necə baş verir. Hicaba gəldiyi günü bayram kimi qeyd edirik. Uşaq görür ki, dindar ailələrdə həddi-büluğa çatmaq böyük bir bayram kimi qarşılanır. İslamda istər oğlan, istərsə də qız uşağının həddi-büluğa çatması xüsusi qeyd olunur. Bunu görən başqa uşaqlar da həvəslənirlər. Tənqid edənlər bu proseslərdən xəbərsizdirlər”.
İlahiyyatçı qeyd edib ki, uşağın dini tərbiyəsi 17-18 və ya 20 yaşında başlamır. Uşaqların dini tərbiyəsi erkən yaşlardan, 7-8 yaşlarından başlayır. Hətta peyğəmbərlər buyururlar ki, dini tərbiyə hələ ana bətnindən, ananın dəstəmazlı olmasından və körpəyə dəstəmazlı süd verməsindən başlayır. Xüsusilə vurğulamaq istəyirəm: bir valideynə övladı həddi-büluğa çatdıqdan sonra onun namazına və hicabına riayət etməsini təmin etmək, öz namazı kimi vacibdir və qiyamətdə bundan soruşulacaq. Bəziləri deyir ki, uşaq böyüyəndə dərk edər. Əgər 22-25 yaşında mahiyyəti dərk edəndən sonra o yoldan çıxacaqsa, qoy onda çıxsın. Lakin mahiyyətini dərk edəndən sonra əksinə, valideynini qınayacaq ki, “Ata, niyə mənə vaxtında demədin, niyə bu qədər qəza namazım qaldı?” Məntiqi və psixoloji baxımdan dərin savadı olan insan başa düşər ki, İslam 1400 il bundan əvvəl qız uşağının oğlan uşağından daha tez ruhi və zehni olaraq yetişdiyini ortaya qoyub. 9 yaşındakı qız uşağı ilə oğlan uşağının dərrakəsi, verdiyi suallar və maraqlandıqları mövzular eyni deyil. Əlbəttə ki, həddi-büluğ yaşı evlənmək yaşı demək deyildir. “Aişə xanım 9 yaşında ərə getdi” deyənlərin sözləri iftiradır, Peyğəmbərə təhqirdir və məntiqsizlikdir. Yekun olaraq, nizam-intizamsız həyat yoxdur və uşaqların dini tərbiyəsi də məhz bu nizam-intizamın bir hissəsidir. Sonda bunu da qeyd edim ki, başqa mövzularda olduğu kimi, burada da uşağın öz iradəsi nəzərə alınmır. Sözsüz ki, az əvvəl qeyd etdiyim kimi, dini tərbiyə nəticəsində uşağa bu dəyərlər illərlə, aylarla aşılanır və istər-istəməz onda bir həvəs yaranır. Bu həvəs də öz növbəsində həmin iradəni formalaşdırır və uşaq artıq özü bunu etmək istəyir. Lakin ümumilikdə uşağın iradəsi başqa məsələlərdə də nəzərə alınmır. Kim bunu sual altına alırsa, əslində öz məntiqini sual altına almış olur. Uşağın iradəsi nə məktəbə getməkdə, nə dərs oxumaqda, nə də digər seçimlərdə nəzərə alınır. Məsələn, atasının musiqiçi olduğunu görüb uşağı da iradəsinə zidd olaraq musiqiyə yönəldirlər: “Yox, qızım, sən mütləq musiqiçi olmalısan, atanın sənətini davam etdirməlisən”. Nə qədər belə məşhur, tanınmış şəxslər var ki, atasının yolunu davam etdirərək aktyor və ya musiqiçi olublar. Yəni uşağın iradəsi onsuz da digər məsələlərdə də nəzərə alınmır. Bunu sual altına alanlar isə öz məntiqlərini sual altına qoyurlar.
Zeynəb Həsən
18:45 25.09.2026
Oxunuş sayı: 47