Uşağınıza dediyiniz bu bir kəlmə onu məhv edir - Psixoloq
Uşağın tərbiyəsində valideynlərin gündəlik istifadə etdiyi bəzi ifadələr zamanla onun özünüqavrayışına və davranışlarına təsir göstərə bilər. Xüsusilə də “ayıbdır” sözünün demək olar ki, hər vəziyyətdə təkrarlanması uşağa yalnız müəyyən davranışın düzgün olmadığını öyrətməklə kifayətlənmir, onun öz hisslərini və istəklərini ifadə etməsinə də təsir göstərə bilər.
Uşağın ağlaması, etiraz etməsi, böyüyə “yox” deməsi, çox danışması və ya müəyyən suallar verməsi “ayıbdır” ifadəsi ilə qarşılandıqda, o, zamanla öz davranışlarını deyil, özünü qiymətləndirməyə başlaya bilər. Bəs bu ifadənin davamlı istifadəsi uşağın gələcəkdə şəxsi sərhədlərinə, özünəinamına və münasibətlərinə necə təsir edir?
Mövzu ilə bağlı İngla Kids and Preschool-un direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, uşağa davamlı olaraq “ayıbdır” deməyin təsiri düşündüyümüzdən daha dərindir.
"Çünki balaca yaşlarda uşaq hələ davranışı ilə özünü bir-birindən tam ayıra bilmir. Biz “bu hərəkəti etmək ayıbdır” deyirik, amma uşaq bunu çox zaman “mənim etdiyim yanlışdır” kimi yox, “məndə nəsə yanlışdır” kimi qəbul edir. Bu ifadə davamlı təkrarlandıqda isə uşaq yavaş-yavaş öz davranışını deyil, özünü nəzarətdə saxlamağa başlayır. Ağlayanda “ayıbdır”, etiraz edəndə “ayıbdır”, böyüyə “yox” deyəndə “ayıbdır”, çox danışanda “ayıbdır”, müəyyən suallar verəndə “ayıbdır”. Bir müddət sonra uşağın beynində belə bir düşüncə formalaşa bilər: “Mən nə hiss edirəm və nə istəyirəm?” yox, “Görəsən, insanlar mənim haqqımda nə düşünəcək?” Məncə, burada valideynlərin diqqət etməli olduğu ən maraqlı məqamlardan biri də budur ki, belə uşaqlar çox vaxt kənardan problemli görünmürlər. Əksinə, sakit, sözəbaxan, utancaq, böyüklərin sözündən çıxmayan uşaq kimi görünə bilirlər və hətta tərbiyəli olduqları üçün təriflənirlər. Halbuki bəzi hallarda bunun arxasında sağlam özünənəzarət yox, səhv etməkdən, diqqət çəkməkdən və qınanmaqdan qorxmaq dayanır.
Psixoloq qeyd edib ki, bu məsələ şəxsi sərhədlərə də birbaşa təsir edə bilər. Uşaq “istəmirəm”, “xoşuma gəlmir”, “mənə toxunma”, “getmək istəmirəm” dedikdə ona davamlı şəkildə “ayıbdır, belə demə”, “böyükdür, söz qaytarma”, “ayıbdır, get, öp, qucaqla” deyilirsə, biz fərqində olmadan ona öz narahatlığından əvvəl qarşı tərəfin rahatlığını düşünməyi öyrədə bilərik. Belə uşaq böyüdükdə də “yox” deməkdə çətinlik çəkə, sərhəd qoyduqda özünü günahkar hiss edə, qarşı tərəfi incitməmək üçün istəmədiyi şeylərə razılaşa bilər. Digər tərəfdən, “ayıbdır” sözünü uşağın həyatından tamamilə çıxarmaq da həll yolu deyil. Uşağın sosial qaydaları, başqasının sərhədlərini və hansı davranışın uyğun olmadığını öyrənməsi lazımdır. Sadəcə, uşağa davranışın niyə doğru olmadığını izah etmək daha sağlam yanaşmadır. “Ayıbdır, eləmə” əvəzinə “bu hərəkət qarşı tərəfi incidə bilər”, “sən bunu istəməyə bilərsən və yox deyə bilərsən”, “əsəbiləşməyin normaldır, amma vurmaq olmaz” demək uşağa həm sərhədi, həm məsuliyyəti, həm də öz hisslərini tanımağı öyrədir. Məqsəd uşağın heç vaxt utanmaması deyil. Utanc da insanın təbii emosiyalarından biridir. Əsas məsələ uşağın etdiyi bir səhvə görə özünü bütövlükdə səhv, pis və ya qəbulolunmaz biri kimi görməməsidir. Uşaq böyüdükcə daxilində yalnız “ayıb olar” səsi deyil, “mən bunu niyə edirəm?”, “mən nə istəyirəm?”, “mənim sərhədim haradadır və qarşımdakı insanın sərhədi harada başlayır?” düşüncəsi formalaşmalıdır. Məncə, sağlam tərbiyənin əsas məqsədlərindən biri də məhz budur.
Zeynəb Həsən
19:30 25.09.2026
Oxunuş sayı: 45