Firəngiz Mütəllimova: Mən Yaşar Nuri ilə nəfəs alırdım
Yaşar Nurinin 75 illik yubileyinə həsr olunan tədbirdə Xalq artisti Firəngiz Mütəllimova da iştirak edib.
Crossmedia.az xəbər verir ki, sənət dostu və həmkarı ilə bağlı xatirələrini bölüşən aktrisa Yaşar Nurinin Azərbaycan teatr və kino sənətindəki yerindən, yaradıcılığından və şəxsiyyətindən danışıb.
Firəngiz Mütəllimova bildirib ki, Yaşar Nuri ilə uzun illər eyni səhnəni paylaşması onun həyatında xüsusi yer tutur. Aktrisa 15 il əvvəl aktyorun 60 illik yubileyinin də eyni səhnədə qeyd edildiyini xatırladıb:
“Çox qəribədir, 15 il bundan əvvəl biz burada Yaşar Nurinin 60 illik yubileyini təntənəli surətdə qeyd etmişdik. O özü də bir az artıq bəlkə də hiss edirdi, ağlayırdı. Mən onunla həmin bu səhnədə oynadım. Ağladı, gözündən yaş getdi, övladları ağladı. Bəlkə də o hiss edirdi ki, bu gün son dəfə səhnədədir. İndi bu gün onsuz biz onun 75 illik yubileyini qeyd edirik”.
Xalq artisti Yaşar Nurinin nikbin insan olduğunu və onun yaradıcılığının tamaşaçılara yaxşı tanış olduğunu qeyd edib.
“Yaşar özü çox nikbin insan idi. Onun yaradıcılığı haqqında heç nə demək istəmirəm. Çünki hər şey sizin gözünüzün qabağında olub. Hər şeyə siz özünüz şahid olmusunuz. Onun rollarında görmüsünüz, teatr tamaşalarında görmüsünüz. Mən istəyirəm ki, bu nurlu uşaq olsun. Bu gün mən onunla bağlı balaca bir hadisəni danışmaq istəyirəm”, - deyə Firəngiz Mütəllimova bildirib.
Aktrisa Yaşar Nurinin Türkiyədə müalicə aldığı dövrdə baş verən bir hadisəni də xatırlayıb. Onun sözlərinə görə, həmin vaxt Yaşar Nuri həyat yoldaşı Rəhmə xanımı gözləyirmiş:
“Yaşar Türkiyədə xəstəxanada yatırdı, getdim yenə onu görməyə. Gördüm bütün həkimlər, tibb bacıları həmin xəstəxananın otağında mənə baxırlar. Gözümü açanda birinci soruşdum ki, ‘Nə xəbər?’ Dedilər ki, bəs Yaşarın yoldaşı Rəhmə xanım hamıya göstərir ki, ərimi bu qadın sevir, amma qadın bunu sevmir’. Dedim, bəs Rəhmə haradadır? Yaşar dedi ki, sabah gələcək. Amma Yaşar ancaq Rəhməni gözləyirdi. Dəqiqədə bir soruşurdu: ‘Rəhmə nə vaxt gələcək?’”.
Firəngiz Mütəllimova bu hadisəni yumorla xatırladığını deyib:
“Dedim, yığ bütün həkimləri, tibb bacılarını bura. Hamısını yığdı. Dedim, ay əzizlərim, bax, bunun arvadı sizi aldadır. Bu qadın bu kişini o qədər sevir ki, Türkiyədən durub uzaqdan bura gəlib. Bir əl çalın. İstəyirəm onun haqqında nikbin danışaq. Qoy bu gün onun ruhu şad olsun”.
Aktrisa Yaşar Nurinin yumor hissinin güclü olduğunu göstərən başqa xatirələrini də bölüşüb.
Onun sözlərinə görə, bir dəfə AzTV-də çəkilişlə bağlı Yaşar Nuri ona həmin işə getməməsi üçün pul təklif edib:
“Bir dəfə AzTV-də bir veriliş çəkilirdi. Mən də getməliyəm, onu da çağırıblar. Mir kinoteatrının yanında oturmuşuq. O vaxtlar teatr təmirdədir. Mənə dedi: ‘Hara gedirsən?’ Dedim: ‘Çəkilişə gedirəm’. Dedi: ‘Nə qədər verirlər sənə?’ Dedim: ‘AzTV-dir də, yaxşı pul verirlər, gedirəm’. Dedi: ‘Nə qədər?’ Dedim, o qədər. Dedi: ‘Mən sənə ikiqat verirəm, getmə’. Dedim: ‘Baş üstə’. Verdi, qoydum pulu cibimə, gəldim evə”.
Firəngiz Mütəllimova Yaşar Nurinin gündəlik həyatda da insanları güldürməyi bacardığını qeyd edib. O, sənət dostlarından biri tərəfindən onlara hədiyyə edilən Vertu telefonları ilə bağlı yaşanan hadisəni də danışıb:
“Bir dəfə də yaxın dostumuz var, yüksək vəzifədə işləyir. Bizi qonaq çağırıb, getmişik. Hərəmizə bir “Vertu” telefonlarından bağışladı. Birini Yaşara, birini mənə. Çıxdıq, Yaşar dedi ki, ‘Yaxşı, biz bunu nətəhər indi işlədəcəyik? Arazdan soruşa da bilmərik, bunun harasına biz taxsaq, nə taxanı var, nə bir şeyi var’. Yəni o dərəcədə insanı güldürürdü o Yaşar. Necə deyim, elə bil ki, o vaxt mən onunla nəfəs alırdım”.
Aktrisa Yaşar Nuri ilə birlikdə liftdə qaldıqları hadisəni də xatırlayıb. Onun sözlərinə görə, Yaşar Nuri həmin vəziyyətdə belə yumor hissini itirməyib.
Firəngiz Mütəllimova Yaşar Nurinin həmkarlarına və dostlarına münasibətindən danışarkən daha bir hadisəni bölüşüb. O bildirib ki, bir dəfə Yaşardan onu çəkildiyi serialdan çıxarmasını istəyiblər. Lakin Yaşar Nuri bu xahişi yerinə yetirməyib və özü də həmin serialda rol alıb.
Xalq artisti Yaşar Nurinin tamaşaçılara bəxş etdiyi gülüşün onun xatirəsində xüsusi yer tutduğunu vurğulayıb:
“Mən onu demək istəyirəm ki, əziz tamaşaçılar, sizə bir az gülüş bəxş edə bildiksə, onun ruhu şad olsun. Mən Yaşarın ailəsi ilə, düzdür, çox tez-tez münasibət saxlaya bilmirəm, amma bağışlayın, Rəngiz xanımla demək olar ki, biz həftədə bir dəfə, ayda bir dəfə danışırıq. Adımız da oxşayır, Rəngiz, Firəngiz. Dərdləşirik. Allah can sağlığı versin. Allah onun ailəsini qorusun, balasına can sağlığı versin. Ülviyyəni çox istəyirdi. İndi bir tərəfdən ruhu rahatdır ki, balası yanındadır, ona qovuşub”.
Aktrisa Yaşar Nuri ilə eyni səhnəni paylaşmasını həyatının ən dəyərli xatirələrindən biri kimi qiymətləndirib:
“Mən xoşbəxt sayıram özümü. Niyə? Çünki mən Yaşar kimi istedadlı, haqq dünyadan artıq, istedadlı, görkəmli bir aktyorla ilk dəfə tərəf müqabili olmuşam. İlk dəfə göz-gözə baxmışam, əl-ələ tutmuşam. Onun sayəsində mən o obrazı yaratmışam. İndi neçə nəfər insanlar gəlir ki, mən nəvəmin adını Gülnar qoymuşam, mən qızımın adını Gülnar qoymuşam, mən Elçin qoymuşam. Unutmaq olmur. İnanın, mən Yaşarın səsini indi də eşidirəm”.
Firəngiz Mütəllimova Yaşar Nurinin yaradıcılığının və xatirəsinin gələcək nəsillərdə də yaşayacağını bildirib:
“Televiziyalarımız sağ olsun, onun bütün filmlərini verirlər, yaradıcılığından verirlər. O, səhnəmizin həmişəyaşar Yaşarıdır. Nə qədər ki, onu tanıyanlar var, nə qədər ki, onu sevənlər var, biz varıq, bizdən sonra gələn nəsil var, Yaşar da var. Yaşar həmişə var, həmişə yaşayacaq”.
Xalq artisti çıxışının sonunda yubiley tədbirinə qatılanlara təşəkkür edib və sənət dostlarına can sağlığı arzulayıb.
“Bu gün gəldiyinizə görə hamınıza minnətdarlığımızı bildiririk. Bütün sənət dostlarımıza can sağlığı versin. Hər şeydən birinci can sağlığıdır. Can sağ olanda hər şey olur. Sağ olun!” - deyə Firəngiz Mütəllimova bildirib.
Nigar Xəlilli
20:02 23.09.2026
Oxunuş sayı: 48