Bir banka mürəbbəyə sərt tələblər qoyan AQTA nəyə nail olmaq istəyir?
AQTA-nın məhsulların təhlükəsizliyi ilə yanaşı, istehsalçı, tərkib və etiketləmə barədə məlumatların istehlakçıya təqdim edilməsi qərarı ciddi narazılıq doğurub. Kənddə yetişdirdiyi meyvədən mürəbbə, turşu və konserv hazırlayıb artıq məhsulunu satan ailə təsərrüfatı ilə böyük qida müəssisəsini eyni qaydalarla idarə etmək mümkündürmü? Kiçik ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların bazara çıxarılması zamanı tətbiq edilən tələblər son dövrlərdə bu sualı yenidən gündəmə gətirir. Ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi həm istehsalçı, həm də istehlakçı üçün vacib şərtdir. Lakin kiçik həcmli ailə istehsalı ilə sənaye miqyaslı istehsal arasında ciddi fərqlər var. Bir ailənin öz bağında yetişdirdiyi məhsulu emal edərək əlavə gəlir əldə etməsi kənd təsərrüfatında kiçik sahibkarlığın və ailə təsərrüfatlarının inkişafına da təsir göstərir. Digər tərəfdən, məhsulun satışa çıxarılması üçün əlavə laboratoriya, sertifikatlaşdırma və digər prosedurların yaratdığı xərclər kiçik istehsalçının üzərinə əlavə maliyyə yükü qoya bilər. Bu xərclər məhsulun maya dəyərinə və nəticədə satış qiymətinə təsir edə bilər. Belə vəziyyətdə kənd təsərrüfatı məhsulunu xammal kimi satmaqla daha az gəlir əldə edən ailə onun emalından da imtina edə bilər. Halbuki emal olunmuş məhsul daha yüksək əlavə dəyər yaradır və ailənin gəlir imkanlarını genişləndirir. Həmçinin insanlar də o evdə hazırlanan məhsulları alır, o insanlara inanır. Bəs kiçik ailə təsərrüfatları üçün ərzaq təhlükəsizliyi ilə əlavə maliyyə yükü arasında necə balans yaradılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib:

“Ümumiyyətlə bizim hökumət qurumları anlamalıdırlar ki, kənddəki ailə təsərrüfatlarını zavod kimi idarə eləmək düzgün deyil. Yəni kiminsə bunları qarşısına qoyub başa salmağına ehtiyac var ki, kənddəki ailə təsərrüfatı zavod, fabrik deyil, seriyalı məhsul buraxmır. Ona görə də onları bu üsulla idarə etmək doğru deyil. Kənddə bir ailə öz bağında yetişdirdiyi meyvədən mürəbbə, turşu, konserv hazırlayırsa və artıq qalanını satırsa, biz ilk növbədə onların qarşısına yeni maliyyə yükü qoymamalıyıq. Əksinə, bu fəaliyyəti necə qanuni və təhlükəsiz şəkildə inkişaf etdirmək olar, bunu düşünməliyik. Tətbiq edilən bu yeni qaydalar və sertifikatlar məhsulların maya dəyərini artıracaq. Laboratoriya xərcləri yaranacaq. Kənddə yaşayan ailə hazırladığı mürəbbəni və ya turşunu hansısa restorana satmaq istəyirsə, onu laboratoriya analizindən keçirməlidir. Bu da təbii olaraq yekun məhsulun qiymətinə təsir edəcək, çünki əlavə xərc yaradır".
İqtisadçı qeyd edib ki, ərzaq təhlükəsizliyi məsələsində güzəşt ola bilməz, bununla razıyam: "Lakin elə bir mexanizm qurulmalıdır ki — mən bunun tərəfdarıyam — əlavə xərc yaranmasın. Onsuz da piştaxtalarda qiymətlər yüksəkdir və orta statistik Azərbaycan vətəndaşı qazancına və cibinə baxıb görür ki, hər gün qiymətlərdə artım var. Bu artımın əsas səbəbi isə həm xaricdən idxal etdiyimiz inflyasiya, həm də ölkəyə daxil olarkən yaratdığımız inflyasiyadır. Dövlət Gömrük Komitəsi məhsulların gömrük dəyərini müəyyənləşdirəndə oradan alınan qiyməti deyil, buradakı bazar dəyərini əsas götürərək bəyannaməni tərtib etdirir. Bunun üzərinə ölkə daxilində də süni xərclər əlavə etdikdə məhsulun maya dəyəri həddindən artıq yüksəlir və sonda yekun istehlakçının cibinə mənfi təsir edir. Təhlükəsizlik adı altında belə tələblər müəyyən etmək olmaz. Kənddə mürəbbə, turşu, konserv hazırlayan ailəyə elə şərait yaradılmalıdır ki, məhsulunu sata bilsin və əlavə qazancı olsun. Böyük zavoda tətbiq olunan bütün tələbləri kiçik ailə təsərrüfatına eyni formada tətbiq etmək düzgün deyil; hətta bu, işbilməzlikdir. Xahiş edirəm, məsələni bu şəkildə işıqlandırasınız. Çünki bu, işbilməzlikdir. Zavoda tətbiq edilən yanaşmanı ailə təsərrüfatına şamil etmək doğru deyil.”
Ekspert qeyd edib ki, burada sadə bir məntiq var: kəndli öz məhsulunu xammal kimi satanda az gəlir əldə edir: "Həmin məhsuldan mürəbbə, turşu və ya konserv hazırlayanda isə əlavə dəyər yaradır və ailəsinin gəlirini artırır. Bu da nəticə etibarilə ölkə iqtisadiyyatına töhfə verir. Əgər biz bu fəaliyyətin qarşısını çoxsaylı icazələr, baha tələblər və mürəkkəb prosedurlarla almağa çalışsaq, kəndlər boşalacaq. Onsuz da Bakının əhalisi artıq 6 milyona çatıb. Bu qaydaları da tətbiq etsək, kənd camaatı da məcbur qalıb Bakıya gələcək. Biz isə tıxaclardan danışırıq, yolların və yol qovşaqlarının çəkilməsindən bəhs edirik. Halbuki birinci dərəcəli məsələmiz iqtisadi zonalaşmanı təmin etmək və regionların inkişafına dəstək verməkdir. Regionlarda iqtisadiyyat inkişaf etməlidir ki, insanlar öz yurd-yuvalarında qalsınlar. Biz bu çətinlikləri yaratdıqda, kənddə mürəbbə bişirən, turşu qoyan kəndli görəcək ki, qazanc əldə edə bilmir və məcbur olub Bakıya gedərək tikintidə fəhləlik edəcək.”
Zeynəb Həsən
17:00 23.09.2026
Oxunuş sayı: 49