Şad xəbər: Pensiyalar yenidən artırılır
Pensiya təminatı hər bir cəmiyyətin sosial müdafiə sisteminin əsas
istiqamətlərindən biridir. Əmək fəaliyyəti başa çatdıqdan sonra insanların
gündəlik ehtiyaclarını qarşılamaq, sağlamlıqlarını qorumaq və normal həyat
səviyyəsini saxlamaq imkanları birbaşa pensiyanın məbləğindən asılıdır.
Xüsusilə ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri xərclərin artdığı
bir şəraitdə pensiyaların indeksləşdirilməsi və artırılması məsələsi daha böyük
aktuallıq qazanır.
Milli Məclisin deputatı Musa Quliyev 2027-ci ildə Azərbaycanda orta aylıq
pensiyanın 45 manat artaraq 640 manata çatacağının proqnozlaşdırıldığını
bildirib. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün
nəzərdə tutulan ümumi xərclərinin 96,5 faizini, yəni 8 milyard 950 milyon manatını
əhaliyə ödənişlər təşkil edəcək. Bu rəqəmlər sosial müdafiə xərclərinin
büdcədəki əhəmiyyətini göstərməklə yanaşı, pensiya artımının real nəticələri
ilə bağlı müzakirələri də gündəmə gətirir.
Lakin burada diqqət yetirilməli əsas məqam pensiyanın nominal məbləğinin
artması ilə pensiyaçının real alıcılıq qabiliyyətinin yüksəlməsinin eyni
anlayış olmamasıdır. Əgər pensiya artımı ərzaq, dərman, kommunal xidmətlər və
digər gündəlik tələbat məhsullarının bahalaşmasını üstələmirsə, vətəndaşın
həyat səviyyəsində ciddi dəyişiklik hiss olunmaya bilər. Başqa sözlə, 45
manatlıq artım statistik göstəricidə müsbət dəyişiklik yaratsa da, onun ailə
büdcəsinə real təsiri ayrıca qiymətləndirilməlidir.
Digər tərəfdən, orta aylıq pensiya göstəricisi bütün pensiyaçıların eyni
məbləğdə ödəniş alması demək deyil. Yaşa, əmək stajına, sığorta kapitalına və
pensiyanın növünə görə ödənişlər fərqlənir. Buna görə də orta göstəricinin 640
manata yüksəlməsi minimum pensiya alanların, eləcə də daha yüksək pensiya
məbləğinə malik şəxslərin gəlirlərinə necə təsir edəcəyi sualını da ortaya
çıxarır.
Pensiya sisteminin dayanıqlılığı da diqqət tələb edən məsələlərdəndir.
Fondun xərclərinin böyük hissəsinin əhaliyə ödənişlərə yönəldilməsi sosial
öhdəliklərin miqyasını göstərir. Eyni zamanda, pensiya artımlarının
uzunmüddətli maliyyə təminatı, sosial sığorta daxilolmaları, əməkhaqqı fondu və
inflyasiya arasındakı əlaqə sistemin gələcək imkanlarını müəyyənləşdirən əsas
amillərdəndir.
Beləliklə, 2027-ci il üçün proqnozlaşdırılan pensiya artımını yalnız 45 manatlıq əlavə ödəniş kimi deyil, bütövlükdə pensiya təminatının adekvatlığı və sosial rifah baxımından qiymətləndirmək vacibdir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Respublikası Elm
və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf”
şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri,
iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki,
2027-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 45 manat artırılaraq 640 manata
çatdırılması nəzərdə tutulur:
“Bu artım nominal ifadədə təxminən 7,6 faiz təşkil edir. Lakin pensiya
siyasətinin effektivliyi yalnız pensiyaların nominal məbləğinin artması ilə
deyil, həmin artımın vətəndaşların real həyat səviyyəsinə və alıcılıq
qabiliyyətinə təsiri ilə ölçülməlidir”.
Professorun sözlərinə görə, nominal pensiya artımı 7,6 faiz, inflyasiya isə
5-6 faiz səviyyəsində olarsa, pensiyaların real artımı təxminən 1,5-2,5 faiz
intervalında formalaşa bilər:
“Bu, müsbət göstərici olsa da, pensiyaçıların rifahında ciddi dəyişiklik
yaratmaq üçün kifayət etməyə bilər. Çünki pensiyaçıların istehlak xərclərinin
əhəmiyyətli hissəsini ərzaq məhsulları, dərman preparatları, tibbi xidmətlər və
kommunal ödənişlər təşkil edir. Bu məhsul və xidmətlər üzrə qiymət artımı ümumi
inflyasiya səviyyəsini üstələdikdə, vətəndaşların real gəlirlərindəki artım
statistik göstəricilərdə əks olunandan daha aşağı olur.
Pensiyaların artırılması zamanı pensiyaçıların faktiki istehlak səbətinə də
diqqət yetirilməlidir. Eyni zamanda, minimum pensiyanın yaşayış minimumuna,
orta pensiyanın orta əməkhaqqına nisbəti, eləcə də aşağı pensiya alan
vətəndaşların sosial vəziyyəti ayrıca qiymətləndirilməlidir.
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərclərinin 96,5 faizinin
əhaliyə ödənişlərə yönəldilməsi sosial öhdəliklərin Fondun büdcəsində mühüm yer
tutduğunu göstərir. Bununla yanaşı, gəlir və xərclər arasında maliyyə tarazlığının
qorunması da xüsusi əhəmiyyət daşıyır.
2027-ci il üzrə DSMF-nin gəlirlərinin təxminən 9,221 milyard manat,
xərclərinin isə 9,273 milyard manat proqnozlaşdırılması 52 milyon manatlıq
fərqin yaranacağını göstərir. Bu məbləğ Fondun ümumi xərcləri ilə müqayisədə
böyük olmasa da, məsələyə uzunmüddətli perspektivdən yanaşmaq vacibdir. Pensiya
sisteminin maliyyə dayanıqlılığı yalnız cari ilin büdcə balansı ilə
qiymətləndirilməməlidir. Gələcək illərdə pensiyaçıların sayında, doğulanda
gözlənilən ömür uzunluğunda, əmək qabiliyyətli əhalinin sayında və əməkhaqqı
fondunun həcmində baş verəcək dəyişikliklər də nəzərə alınmalıdır”.
Ekspertin fikrincə, pensiya sisteminin maliyyə dayanıqlılığını təmin etmək
üçün əsas diqqət sosial sığorta bazasının genişləndirilməsinə və daxilolmaların
artırılmasına yönəldilməlidir:
“Əməkhaqlarının bir hissəsinin qeyri-rəsmi ödənilməsi həm dövlət büdcəsi,
həm də sosial sığorta sistemi üçün maliyyə itkiləri yaradır. İşçinin faktiki
əməkhaqqı yüksək olduğu halda sosial sığorta ödənişləri yalnız rəsmi əməkhaqqı
əsasında həyata keçirilirsə, bu, onun gələcək pensiya kapitalının daha az
formalaşmasına səbəb olur. Beləliklə, problem təkcə Fondun cari
daxilolmalarının azalması ilə məhdudlaşmır, eyni zamanda vətəndaşın gələcək
pensiya təminatına da mənfi təsir göstərir.
Bu baxımdan, əmək münasibətlərinin rəsmiləşdirilməsi, əməkhaqlarının tam
şəkildə rəsmi göstərilməsi və qeyri-formal məşğulluğun azaldılması əsas
prioritetlərdən olmalıdır. Xüsusilə tikinti, kənd təsərrüfatı, ticarət və
xidmət sektorlarında əmək münasibətlərinin leqallaşdırılması istiqamətində
nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir.
Pensiyaların artırılması nə qədər vacibdirsə, bu artımın davamlı maliyyə
mənbələri hesabına təmin edilməsi də bir o qədər əhəmiyyətlidir. Bunun üçün
daha çox vətəndaşın rəsmi məşğulluğa cəlb edilməsi, əməkhaqlarının
leqallaşdırılması, sosial sığorta daxilolmalarının artırılması və pensiya
kapitalının şəffaf formalaşdırılması istiqamətində tədbirlər paralel şəkildə həyata
keçirilməlidir.
Qeyri-neft sektorunda əmək məhsuldarlığının yüksəldilməsi, yüksək əməkhaqqısı olan iş yerlərinin yaradılması və qadınların əmək bazarında iştirakının genişləndirilməsi də sosial sığorta bazasının böyüməsinə mühüm töhfə verə bilər”.
Məhəbbət Tərlanoğlu
14:30 07.11.2026
Oxunuş sayı: 415