Süni intellekt nəzarətdən çıxa bilər – Bengiodan xəbərdarlıq
Süni intellekt sahəsinin öncüllərindən sayılan Yoşua Benqio (Yoshua Bengio) süni intellekt sistemlərinin nəzarətdən çıxaraq onları hazırlayan insanların niyyətlərinə zidd hərəkətlər edə biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Bengio Kanada mətbuatına açıqlamasında dünyanın əksər insanlar üçün fantastik görünən bir reallıqla üz-üzə qalmağa başladığını bildirib.
O, süni intellekt sistemlərini hazırlayan şirkət və proqramçıların məqsədləri ilə ziddiyyət təşkil edən hədəflərə malik sistemlərin qurulduğuna diqqət çəkib. Alimin sözlərinə görə, belə sistemlərin gələcəkdə nəzarətdən çıxması və onlar üçün müəyyən edilmiş sərhədləri aşması riski mövcuddur.
Bengio süni intellektdən qaynaqlanan təhlükələrin real olduğunu vurğulayıb. Bununla yanaşı, o, risklərin qarşısını almaq üçün hələ vaxtın olduğunu və “LawZero” kimi layihələr çərçivəsində qoruyucu mexanizmlərin hazırlanmasının mümkünlüyünü qeyd edib.
Bu ilin əvvəlində bəzi süni intellekt agentlərinin nəzarətdən çıxması və bilərəkdən aldadıcı davranışlar sərgiləməsi ilə bağlı mütəxəssislər narahatlıqlarını ifadə etmişdilər.
“LawZero” layihəsi də nəzarətdən çıxa biləcək süni intellekt texnologiyalarının qarşısını almağa yönəlmiş proqramların hazırlanması üzərində çalışır.
01:45 21.09.2026
Oxunuş sayı: 49