Məqsədimiz gənclərə düzgün təhsil almaq və gələcək karyeraları üçün möhkəm təməl yaratmaq imkanı verməkdir - Aytən Məmmədli
Xaricdə təhsil almaq istəyən Azərbaycanlı gənclər üçün Özbəkistan son illərdə cəlbedici istiqamətlərdən birinə çevrilir. Ölkədə ali təhsil sisteminin inkişaf etdirilməsi, yeni beynəlxalq proqramların yaradılması və müxtəlif ixtisaslar üzrə təhsil imkanlarının genişləndirilməsi Azərbaycanlı tələbələrin də bu ölkəyə marağını artırır.
Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən "INGLA International" Education and Training Center şirkəti Özbəkistanın ali təhsil imkanlarının Azərbaycanlı gənclər arasında tanıdılması və təbliği istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. Şirkət indiyədək üç dəfə Özbəkistanın ali məktəblərinin iştirakı ilə Azərbaycanda sərgi təşkil edib, yarandığı vaxtdan, xüsusilə də 2026-cı ildə onlarla azərbaycanlı gəncin Özbəkistanda təhsil almasına dəstək göstərib.
Bu fəaliyyətin daha da genişləndirilməsi məqsədilə "INGLA International" və “Study in Uzbekistan” təşkilatı arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. Bununla da "INGLA International" “Study in Uzbekistan” layihəsinin Azərbaycandakı rəsmi təmsilçisi kimi tanınıb. Bu əməkdaşlığın azərbaycanlı gənclərin Özbəkistanda təhsil imkanlarına çıxışına və iki ölkə arasında təhsil əlaqələrinin daha da inkişafına töhfə verəcəyi gözlənilir.
Məhz bu əməkdaşlığın yaratdığı imkanlar, qəbul prosesi, universitet və ixtisas seçimi, diplomların tanınması, təqaüd imkanları və Özbəkistanda Azərbaycanlı tələbələrin təhlükəsizliyi ilə bağlı suallarımızı "INGLA International"-ın direktoru Aytən Məmmədliyə ünvanladıq:
- INGLA International-ın “Study in Uzbekistan”ın Azərbaycandakı rəsmi təmsilçisi olması nə deməkdir?
- İlk növbədə qeyd edim ki, bu, bizim üçün böyük məsuliyyətdir. INGLA International olaraq “Study in Uzbekistan” layihəsinin Azərbaycandakı rəsmi təmsilçisi kimi əsas məqsədimiz Azərbaycanlı gənclərlə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında etibarlı və peşəkar körpü yaratmaqdır. Biz tələbələrə yalnız universitet seçməkdə deyil, ixtisas seçimindən başlayaraq sənədlərin hazırlanması, universitetə müraciət, qəbul prosesi və Özbəkistanda təhsilə başlama mərhələsinə qədər dəstək göstəririk. Yəni bizim üçün əsas məsələ tələbənin sadəcə qəbul olması deyil, onun düzgün universitetdə, düzgün ixtisas üzrə və şəffaf şəkildə təhsil almağa başlamasıdır.
- “Study in Uzbekistan” layihəsi vasitəsilə Azərbaycanlı gənclər üçün hansı imkanlar yaradılacaq?
- Bu layihə Azərbaycanlı gənclərə Özbəkistanda keyfiyyətli və əlçatan ali təhsil imkanlarını daha yaxından tanımağa şərait yaradacaq. Özbəkistanda son illərdə ali təhsil sistemi çox sürətlə inkişaf edir. Ölkədə müasir universitetlər, beynəlxalq proqramlar, ingilis, rus və özbək dillərində təhsil imkanları mövcuddur. Tələbələr tibb, mühəndislik, informasiya texnologiyaları, biznes, iqtisadiyyat, logistika, hüquq və digər istiqamətlər arasında seçim edə bilərlər. Bizim məqsədimiz bu imkanları Azərbaycanlı tələbələr üçün daha əlçatan etmək və onların düzgün seçim etməsinə kömək göstərməkdir.
- Azərbaycanlı gənc Özbəkistanda universitetə qəbul olmaq üçün konkret olaraq hansı mərhələlərdən keçməlidir?
- Proses, seçilən universitet və ixtisasdan asılı olaraq müəyyən fərqlər göstərə bilər. Ümumilikdə isə ilk mərhələ tələbənin öz marağına və gələcək karyera planına uyğun universitet və ixtisas seçməsidir. Daha sonra tələbənin sənədləri hazırlanır və universitetə müraciət edilir. Bəzi ixtisaslarda müsahibə və ya qəbul imtahanı tələb oluna bilər. Universitet müsbət qərar verdikdən sonra tələbəyə qəbul sənədləri təqdim olunur və növbəti mərhələdə təhsil müqaviləsi, ödəniş və digər təşkilati məsələlər həll edilir. INGLA olaraq biz bu prosesin hər mərhələsində tələbəyə və onun ailəsinə dəstək göstəririk.
- Tələbə Azərbaycandan müraciət etdikdən sonra universitetə qəbul məktubunu orta hesabla nə qədər müddətə əldə edə bilər?
- Burada dəqiq bir rəqəm söyləmək düzgün olmaz. Çünki müddət universitetdən, ixtisasdan, tələbənin sənədlərinin tamlığından və qəbul prosedurundan asılıdır. Sənədlər tam olduqda və əlavə imtahan və ya müsahibə tələb olunmadıqda proses kifayət qədər operativ həyata keçirilə bilər. Biz hər bir tələbəyə konkret seçdiyi universitet üzrə qəbul prosesinin mərhələlərini və təxmini müddətini əvvəlcədən izah edirik.
- Hazırda Azərbaycanlı tələbələr üçün hansı Özbəkistan universitetləri əlçatandır? Hansı ixtisaslara daha çox tələbat var?
- Azərbaycanlı tələbələr üçün Özbəkistanın çoxsaylı dövlət və özəl universitetləri açıqdır. Xüsusilə Daşkənd, Səmərqənd, Buxara və digər böyük şəhərlərdə yerləşən ali məktəblər arasında geniş seçim imkanları var. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanlı gənclərin ən çox maraq göstərdiyi istiqamətlər arasında tibb və stomatologiya, informasiya texnologiyaları və kibertəhlükəsizlik, mühəndislik, iqtisadiyyat, biznes, logistika və hüquq xüsusi yer tutur. Son dövrlərdə İT, süni intellekt və kibertəhlükəsizlik sahələrinə marağın xüsusilə artdığını müşahidə edirik. Bu da əmək bazarının gələcək tələbləri ilə tamamilə üst-üstə düşür.

- Özbəkistan universitetlərinin diplomu Azərbaycanda tanınırmı?
- Bəli, Özbəkistan universitetlərinin diplomları Azərbaycanda tanına bilər. Lakin burada çox vacib bir məqam var: söhbət hər bir diplomun avtomatik tanınmasından getmir. Tanınma prosesi Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir və universitetin, təhsil proqramının və əldə edilmiş kvalifikasiyanın müvafiq tələblərə cavab verməsi vacibdir. Ona görə də biz tələbələrə universitet seçərkən yalnız təhsil haqqına və qəbul şərtlərinə deyil, gələcəkdə diplomun tanınması məsələsinə də diqqət yetirməyi tövsiyə edirik. Xüsusilə tibb, hüquq və digər tənzimlənən peşələrdə bu məsələ daha böyük əhəmiyyət daşıyır.
- Azərbaycanlı tələbələr Özbəkistanda INGLA vasitəsilə təqaüd əldə edə bilərlərmi?
- Təqaüd imkanları mövcuddur, lakin bu, konkret universitetdən, ixtisasdan və təqaüd proqramının şərtlərindən asılıdır. INGLA olaraq biz tələbələrə mövcud təqaüd və güzəşt imkanları barədə məlumat verir və uyğun olduğu halda həmin proqramlara müraciət prosesində dəstək göstəririk. Burada əsas məqsədimiz tələbəyə yalnız “qəbul ol” demək deyil, onun üçün mümkün olan ən optimal və əlverişli təhsil variantını tapmaqdır.
- Özbəkistanda Azərbaycanlı tələbələrin təhlükəsizliyi ilə bağlı hansı təminatlar mövcuddur?
- Bu, valideynlərin bizə ən çox verdiyi suallardan biridir və tamamilə başadüşüləndir. Özbəkistan Azərbaycanla dost və qardaş münasibətləri olan ölkədir. Azərbaycanlı tələbələrin dil, mədəniyyət və sosial baxımdan uyğunlaşması da nisbətən rahatdır. Bununla yanaşı, biz təhlükəsizlik məsələsinə çox ciddi yanaşırıq. Universitet, yataqxana, yaşayış şəraiti və tələbənin Özbəkistandakı əlaqələri əvvəlcədən müəyyənləşdirilir. Tələbə və onun ailəsi lazım gəldikdə INGLA ilə əlaqə saxlaya bilir. Biz istəyirik ki, azərbaycanlı gənc Özbəkistana gedərkən özünü tək hiss etməsin. Onun arxasında həm ailəsinin, həm universitetinin, həm də INGLA-nın dəstəyi olduğunu bilsin. Sonda onu da vurğulamaq istərdim ki, “Study in Uzbekistan” bizim üçün sadəcə xaricdə təhsil layihəsi deyil. Biz bunu Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm bir platforma kimi görürük. Məqsədimiz Azərbaycanlı gənclərə düzgün seçim etmək, keyfiyyətli təhsil almaq və gələcək karyeraları üçün möhkəm təməl yaratmaq imkanı verməkdir.
Nigar Xəlilli
13:30 07.09.2026
Oxunuş sayı: 71