Keçmiş nasist düşərgəsində tikinti qalmaqalı
Avstriyada keçmiş nasist konsentrasiya düşərgəsinin yerləşdiyi ərazidə biznes parkının inşasına başlanılması ciddi etirazlara səbəb olub.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Söhbət Mauthauzen düşərgəsinin Hirtenberqdə yerləşən bölməsindən gedir. İkinci Dünya müharibəsi zamanı burada təxminən 400 qadın məhbus saxlanılıb və məcburi əməyə cəlb edilib. Ərazidə aparılan arxeoloji araşdırmalar onun tarixi əhəmiyyətini təsdiqləsə də, Avstriyanın Federal Abidələrin Mühafizəsi İdarəsi ərazidə qalan fiziki izlərin rəsmi mühafizə statusu üçün kifayət etmədiyi qənaətinə gəlib. Bundan sonra ərazidə anbar kompleksləri və supermarketin inşasına başlanılıb. Layihəyə fəallar, tarixçilər və memorial təşkilatlar etiraz edir. Onların fikrincə, nasist cinayətlərinin maddi izləri qorunmalı, tarixi ərazi kommersiya obyektləri ilə əvəzlənməməlidir.
Yerli layihəçi ərazidə memorial yaradılmasını maliyyələşdirməyi təklif edib. Lakin tənqidçilər bildirirlər ki, keçmiş konsentrasiya düşərgəsinin üzərində tikinti aparılması qurbanların xatirəsinə hörmətsizlikdir və tarixi yaddaşa zərər vurur.
05:45 04.09.2026
Oxunuş sayı: 39