ƏHALİYƏ ŞAD XƏBƏR: Maaşlar artırıldı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Crossmedia.az-a açıqlamasında tibb işçilərinin əməkhaqlarının artırılmasını müsbət və strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirib: "Bu addım yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına deyil, bütövlükdə səhiyyə sisteminin ən vacib resurslarından biri olan insan kapitalına sərmayə qoyuluşuna xidmət edir. Tibb işçilərinin əməkhaqlarının artırılmasını çox müsbət və eyni zamanda strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirirəm. Mehriban Əliyevanın təşəbbüsü və cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu islahat yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması demək deyil. Bu, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir. Əməkhaqqının artırılması, xüsusilə də iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınmaqla diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər. Çünki yaxşı tibbi xidmət yalnız müasir bina və avadanlıqla deyil, ilk növbədə bilikli, təcrübəli və əməyinin qarşılığını görən tibb işçisi ilə mümkündür".

Deputat qeyd edib ki, tibbi xidmətin keyfiyyəti yalnız əməkhaqqından asılı deyil: "Davamlı tibbi təhsil, düzgün idarəetmə, müasir infrastruktur, iş şəraiti və keyfiyyətə nəzarət də paralel şəkildə inkişaf etməlidir. Amma tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi bütün bu prosesin əsas şərtlərindən biridir. Nəticə etibarilə, bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycanın ən ucqar regionunda yaşayan vətəndaşın daha keyfiyyətli tibbi xidmət almasına yönəlmiş investisiyadır”.

Tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov isə açıqlamasında bildirib ki, əməkhaqlarının artırılması həkimlərin motivasiyası və peşəkar kadrların ölkədə saxlanılması baxımından mühüm stimul ola bilər. Onun sözlərinə görə, həkimlik ilk növbədə vicdan və peşəyə sevgi tələb edən bir sahə olsa da, əməkhaqqı məsələsi həkimlərin fəaliyyətinə və gələcək seçimlərinə təsir edən mühüm amillərdəndir: “İlk növbədə onu qeyd edim ki, həkimlik elə bir peşədir ki, peşəsini sevən insan üçün ilk növbədə vicdan olmalıdır. Təbii ki, sonda hər şey əməkhaqqı məsələsinə gəlib çıxır. Amma öz sənətini və peşəsini sevən insan üçün bu, yeganə meyar deyil. Bununla belə, maaşların artırılması həkimlər üçün böyük stimul olacaq. Ölkəmizdə icbari tibbi sığorta sisteminə keçidlə artıq pasiyentlərin böyük hissəsi bu sistem çərçivəsində tibbi xidmət alır. Bu baxımdan əməkhaqlarının artırılması həkimlərin daha motivasiyalı və daha böyük əzmlə çalışmasına müsbət təsir göstərə bilər. Digər mühüm məsələ gənc həkimlərin xarici ölkələrə üz tutmasıdır. Gənclərimiz burada təhsil alır, rezidenturanı bitirir və daha yüksək əməkhaqqı imkanları səbəbindən xaricdə çalışmağa üstünlük verirlər. Maaş sisteminin yaxşılaşdırılması həkimlərin daha böyük hissəsinin ölkəmizdə fəaliyyət göstərməsinə təsir edə bilər. Eyni zamanda, rayonlarda həkim çatışmazlığı mövcuddur. Həkimlərin əksəriyyəti Bakıda qalmağa və daha yüksək gəlir əldə etməyə çalışır. Əməkhaqlarının artırılması bölgələrdəki həkim çatışmazlığının aradan qaldırılmasına da müsbət təsir göstərə bilər. Universiteti və rezidenturanı bitirən gənc mütəxəssislərin rayonlarda çalışmağa marağı arta bilər. Bu, xüsusilə təcili tibbi yardım sahəsində vacibdir. Təcili tibbi yardımda çalışan həkimlərin iş yükü və qrafiki kifayət qədər gərgindir. Bu səbəbdən bəzi həkimlər həmin sahədə çalışmağa maraq göstərmirlər. Əməkhaqqının artırılması isə bu sahədə də həkim çatışmazlığının azalması üçün mühüm stimul ola bilər”.
Zeynəb Həsən
16:00 02.09.2026
Oxunuş sayı: 84