Sibiqa: Kiyevə gələcək tərəfdaşlar yeni yardım paketləri elan edəcəklər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, avqustun 24-də Kiyevə gələcək xarici tərəfdaşlar Ukraynaya yeni ikitərəfli yardım paketləri elan edəcəklər.
Crossmedia.az xəbər verir ki, "Interfax-Ukrayna" bu barədə məlumat yayıb.
Sibiqa jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ukrayna Müstəqillik Günündə xarici tərəfdaşların səfərlərini gözləyir. Nazir qeyd edib ki, səfər çərçivəsində əlavə ikitərəfli yardım paketlərinin açıqlanması gözlənilir.
Onun sözlərinə görə, Ukraynanın qışa hazırlığında əsas prioritetlər enerji sektoru və hava məkanının müdafiəsidir.
Sibiqa həmçinin bildirib ki, müttəfiqlər Ukraynanın Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərə ehtiyacına dair müraciətini eşidiblər. Ukrayna tərəfi hazırda PAC-2 və PAC-3 raketlərinin əldə olunması üçün müvafiq paytaxtlarla danışıqlar aparır.
Nazirin sözlərinə görə, qışı keçirmək üçün Ukraynaya ən azı 300 Patriot raketi lazımdır. O, bu məsələdə tərəfdaşların Ukraynanın ehtiyaclarını eşitdiyini və danışıqlarda irəliləyiş olduğunu bildirib.
Sibiqa avqustun 24-də Ukraynanın Müstəqilliyinin 35-ci ildönümünün qeyd olunacağını da xatırladıb. O, xarici qonaqların səfərinin yalnız maddi-texniki dəstək baxımından deyil, həm də Ukraynanın beynəlxalq tərəfdaşlarla birliyinin nümayiş etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
12:37 22.08.2026
Oxunuş sayı: 56