Telefon tariflərinin gizli xərcləri üzə çıxdı
Mobil operatorların tariflərinə yalnız internet trafiki və danışıq dəqiqələrinin deyil, bütün şəbəkənin fəaliyyəti və inkişafı ilə bağlı xərclərin də daxil edildiyi açıqlanıb.
Crossmedia.az ˝Unian˝a istinadən xəbər verir ki, bu barədə telekommunikasiya üzrə ekspert, eQualitie şirkətinin rəqəmsal texnologiyalar üzrə məsləhətçisi Aleksandr Qluşenko bildirib.
Ekspertin sözlərinə görə, abonent əslində yalnız giqabayt və ya dəqiqələrə görə ödəniş etmir. Tarifə böyük mobil şəbəkənin istənilən vaxt və istənilən məkanda xidmət göstərməyə hazır vəziyyətdə saxlanılması üçün çəkilən xərclər də daxildir.
Tariflərin formalaşmasına baza stansiyaları, antenalar, radiomodullar və idarəetmə sistemləri, həmçinin məkanların, damların, qüllələrin və digər qurğuların icarəsi üçün ödənişlər daxildir.
Bundan başqa, baza stansiyalarını şəbəkənin əsas hissəsi ilə birləşdirən optik və radio-rele xətləri, elektrik enerjisi, akkumulyatorlar, dizel generatorları və yanacaq xərcləri də tariflərdə nəzərə alınır.
Şəbəkənin təmiri və zədələndikdən sonra bərpası, tezlik resursları, lisenziyalar, proqram təminatı və kibertəhlükəsizlik xərcləri də mobil xidmətlərin qiymətinə təsir göstərir.
Ekspert həmçinin bildirib ki, əməkdaşların, çağrı mərkəzlərinin, billing sistemlərinin, pərakəndə satış şəbəkəsinin fəaliyyəti, vergilər və digər məcburi ödənişlər də tariflərə daxil edilir. Eyni zamanda operatorlar 4G şəbəkəsinin genişləndirilməsi və gələcəkdə 5G-nin tətbiqi üçün investisiya qoyurlar.
00:20 22.08.2026
Oxunuş sayı: 50