Mərkəzi Asiyada temperatur rekordları yeniləndi
2026-cı ilin yayı Mərkəzi Asiya ölkələrində son dərəcə isti hava ilə yadda qalıb.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda temperatur rekordları qeydə alınıb.
Qazaxıstanda iyul ayında bir sıra bölgələrdə temperatur rekordları yenilənib. Şımkentdə hava 45,2 dərəcəyədək qızıb. Türküstanda isə temperatur 47,6 dərəcəyə çatıb. Almatıda bir neçə gün ərzində ardıcıl olaraq temperatur rekordları qeydə alınıb və iyulun 20-də 41,5 dərəcə müşahidə olunub.
Güclü istilər kənd təsərrüfatına da təsir edib. Ekspertlərin qiymətləndirməsinə görə, Qazaxıstanda buğda məhsuldarlığı uzunmüddətli orta göstəricidən təxminən 30 faiz aşağı ola bilər.
Qırğızıstanın paytaxtı Bişkekdə iyulun 19-da temperatur 43,5 dərəcəyə yüksələrək bütün meteoroloji müşahidələr tarixinin rekordunu yeniləyib. İstilik elektrik enerjisinə tələbatı da kəskin artırıb və ölkədə sutkalıq elektrik istehlakı ilk dəfə 50 milyon kilovat-saatı ötüb.
Tacikistanda Düşənbədə temperatur 43 dərəcəyə çatıb. Bu göstərici 2019-cu ilin rekordundan cəmi 0,5 dərəcə aşağı olub. Ölkənin cənubunda isə 47 dərəcəyədək istilər müşahidə edilib.
Türkmənistanda da temperatur 50 dərəcəyə yaxınlaşıb. Türkmənabadda 47,8, Marı vilayətinin Bağtyyarlyk qəsəbəsində isə 50 dərəcə qeydə alınıb.
Özbəkistanda isə iyulun 18-19-da temperatur 49 dərəcəyədək yüksəlib. Ölkənin 10 regionunda temperatur rekordları yenilənib. Güclü istilər elektrik enerjisi istehlakını artırıb, bəzi ərazilərdə işıq kəsintilərinə səbəb olub. İstinin təsirindən Daşkənd metrosunun açıq sahələrində qatarların hərəkət sürəti də azaldılıb.
06:30 22.08.2026
Oxunuş sayı: 59