Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri ideoloji iş üzrə ənəkdaşlığı müzakirə ediblər
Daşkənddə Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında ideoloji iş və psixoloji xidmət sahələrində təcrübə mübadiləsi üzrə işçi görüşü keçirilib.
Bu barədə Crossmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, milli-mənəvi dəyərlərin qorunması, hərbi xidmət və döyüş əməliyyatları zamanı psixoloji dözümlülüyün gücləndirilməsindən danışıb, qarşılıqlı müzakirələr aparıblar. Məruzələrdə həmçinin sözügedən keyfiyyətlərin artırılmasında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tədbirdə iki xalq arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdirilməsi, tarixi və folklor köklərinin yaşadılması istiqamətində birgə mədəni-kütləvi tədbirlərin, konsert proqramlarının və musiqi festivallarının təşkili məsələləri vurğulanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində olub. Burada Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin Özbəkistanın mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Yekunda qarşılıqlı hədiyyə mübadiləsi aparılıb və xatirə fotoları çəkdirilib.
16:37 21.08.2026
Oxunuş sayı: 47