Kredit borcunu gecikdirənlərə MÜHÜM XƏBƏR – Bunu bilməlisiniz
Kredit ödənişlərinin gecikdirilməsi zamanı banklar və bank
olmayan kredit təşkilatlarının borcalanla əlaqə saxlaması qanuni prosedurun bir
hissəsi olsa da, bəzi hallarda kontakt siyahısındakı şəxslərə zəng edilməsi və
borcalanla bağlı məlumatların üçüncü şəxslərə ötürülməsi ciddi hüquqi suallar
yaradır. Xüsusilə borcun məbləği, gecikmə və digər məlumatların yaxınlara
bildirilməsi şəxsi məlumatların və bank sirrinin qorunması baxımından diqqət tələb
edir. Qanunvericilikdə bank sirri təşkil edən məlumatların üçüncü şəxslərə
açıqlanmasına müəyyən məhdudiyyətlər qoyulur.
Bu hallar vətəndaşların şəxsi həyatına müdaxilə, psixoloji təzyiq və hüquqların pozulması ilə bağlı narahatlıqları da artırır.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Ramil
Süleymanov bildirib ki, ümumiyyətlə, bank olmayan kredit təşkilatlarının (BOKT)
hər hansı kontakt siyahısında olan şəxslərin yaxın qohumlarına zəng etməsi,
bununla bağlı araşdırmalar aparması, hər hansı məlumatların verilməsi və ya
dolayı təzyiqlərin edilməsi birbaşa bank sirrinin pozulmasıdır:
“Hesab edirəm ki, vətəndaşlar bununla bağlı gecikmədən məhkəmələrə
müraciət etməlidirlər. Azərbaycan məhkəmələrinin icraatında kifayət qədər bank
sirrinin pozulmasına dair məhkəmə işləri olub. Məhz bankların qanunsuz
davranışları məhkəmələr tərəfindən bank sirrinin, o cümlədən şəxsin
toxunulmazlığı hüququnun pozulması kimi qəbul edilib və buna görə həmin banklarla
bağlı müəyyən maddi məsuliyyət tədbirləri görülüb. Vətəndaşların ümumiyyətlə
yaxın qohumlarının nömrələrini təqdim etməsi heç də o demək deyil ki, onlar həmin
qohumlara barələrində müəyyən məlumatların ötürülməsinə də razılıq verirlər.
Bu, qətiyyən yolverilməzdir”.
Hüquqşünas bu hallarda nə edilməli olduğunu da izah edərək
vurğulayıb ki, vətəndaşlar bununla bağlı pretenziya qaydasına riayət etməklə,
onlara vurulmuş maddi və mənəvi zərərlə bağlı, birinci növbədə, bankın özünə
müraciət etməlidirlər:
“İkinci növbədə isə məhkəməyə müraciət edib pozulmuş hüquqların bərpası ilə bağlı mübahisə qaldıra bilərlər”.
Məhəbbət Tərlanoğlu
16:45 21.08.2026
Oxunuş sayı: 119