Çölə çıxmayın - istidən ölə bilərsiniz
İspaniyada anomal isti hava şəraiti ciddi insan tələfatına səbəb olub. İyunun 1-dən avqustun 19-dək ölkədə yüksək temperaturla əlaqələndirilən 4 458 ölüm halı qeydə alınıb. Bu göstərici istilərlə bağlı ölüm hallarının rekord həddə çatdığı 2022-ci ilin rəqəmlərinə yaxınlaşıb. Bəs ümumiyyətlə, insan niyə istidən ölür? Yüksək temperatur daha çox hansı yaş qrupları üçün təhlükəlidir və istidən qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı terapevt Zakir Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, həddindən artıq isti hava şəraitində insan orqanizminin temperaturu tənzimləmək qabiliyyəti zəifləyir və bu, sağlamlıq üçün ciddi təhlükələr yarada bilər: “İnsan bədəni əsasən tərləmə və damarların genişlənməsi yolu ilə soyuyur. Lakin həddindən artıq isti və rütubətli hava şəraitində bu sistem yetərsiz qala bilər. Nəticədə orqanizmdə susuzlaşma və duz itkisi yaranır. Bu proses ürək, beyin və böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Ağır hallarda istilikvurma və çoxorqanlı çatışmazlıq yarana bilər ki, bu da ölümlə nəticələnə bilər. Yüksək temperatur həmçinin infarkt və insult riskini artıra, xroniki xəstəlikləri olan insanların vəziyyətini ağırlaşdıra bilər”.

Z.Quliyev qeyd edib ki, ən böyük risk qrupları arasında körpələr, azyaşlı uşaqlar, 65 yaşdan yuxarı şəxslər, hamilələr, xroniki xəstəlikləri olan insanlar və açıq havada işləyənlər yer alır: “Bu qruplar yüksək temperaturun təsirinə daha həssasdırlar.İstidən qorunmaq üçün günün ən isti saatlarında açıq havaya çıxmamaq, müntəzəm olaraq su içmək və mümkün qədər sərin məkanlarda qalmaq lazımdır. Açıq rəngli və yüngül geyimlərə üstünlük vermək də vacibdir. Xüsusilə uşaqları avtomobildə tək qoymaq olmaz. Çaşqınlıq, huşun itməsi, qıcolma və bədən temperaturunun həddindən artıq yüksəlməsi istilikvurmanın əsas əlamətlərindəndir. Bu cür simptomlar müşahidə edildikdə dərhal təcili tibbi yardım çağırılmalıdır”.
Zərnigar Hüseynli
16:30 21.08.2026
Oxunuş sayı: 50