Azərbaycanda xüsusi ay elan edildi- BÖYÜK ÇAĞIRIŞ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə ölkədə “Sülh Aylığı”nın elan olunması ilə bağlı müraciət edib.
Crossmedia.az xəbər verir ki, “Report” bu barədə məlumat yayıb.
Müraciətdə qeyd olunub ki, BMT Baş Assambleyasının qətnamələri ilə təsis edilən Beynəlxalq Sülh Günü hər il sentyabrın 21-də qeyd olunur və qlobal atəşkəs, zorakılıqdan imtina, sülh və insan hüquqları dəyərlərinin təşviqinə həsr edilir.
Ombudsman bildirib ki, dünyanın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar böhranlar, məcburi yerdəyişmə, zorakılıq, ayrı-seçkilik və nifrət təzahürləri davamlı sülhün təmin edilməsinin əhəmiyyətini daha da artırır.
BMT tərəfindən 2026-cı il Beynəlxalq Sülh Günü üçün “Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” mövzusu müəyyən edilib. Müraciətdə vurğulanıb ki, davamlı sülh yalnız müharibə və zorakılığın olmaması deyil, həmçinin insan hüquq və azadlıqlarına hörmət, insan ləyaqətinin qorunması, ədalət, bərabərlik, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq deməkdir.
Səbinə Əliyeva Azərbaycanın regional və qlobal səviyyədə sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verdiyini qeyd edib.
Müraciətdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin razılaşdırılmış mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması da regionda davamlı sülh istiqamətində mühüm mərhələ kimi qiymətləndirilib.
Ombudsman həmçinin mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılmasının, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsinin, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin və doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin edilməsinin davamlı sülh üçün vacib olduğunu bildirib.
Müraciətdə qeyd edilib ki, “Sülh Aylığı” çərçivəsində uşaqlar və gənclər arasında sülh mədəniyyətinin təşviqi, insan hüquqları və bərabərlik dəyərlərinin təbliği, tolerantlığın və dialoq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər keçirilə bilər.
Bu məqsədlə dövlət qurumları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, media subyektləri, təhsil, elm, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələri, beynəlxalq və yerli təşkilatlar, eləcə də geniş ictimaiyyət konfranslar, dəyirmi masalar, seminarlar, təlimlər, ictimai müzakirələr, müsabiqələr, sərgilər və maarifləndirici kampaniyalar keçirməyə dəvət olunub.
Beləliklə, ölkədə “Sülh Aylığı” avqustun 21-dən sentyabrın 21-dək davam edəcək.
13:54 21.08.2026
Oxunuş sayı: 52