Ukraynanın enerji sistemi sabit işləyir – nazir
Ukraynanın enerji sistemi hazırda sabit fəaliyyət göstərir və ölkədə planlı elektrik enerjisi kəsintiləri tətbiq edilmir.
Crossmedia.az xəbər verir ki, Ukraynanın energetika naziri Denis Şmıqal bu barədə Ali Radada çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, əsas risk Rusiyanın enerji infrastrukturuna hücumlarıdır. Bu hücumlar bəzi ərazilərdə enerji obyektlərinin bərpası tempini ləngidir.
Şmıqal bildirib ki, bu gün axşam saatlarında tələbatın pik həddində kogenerasiya və elektrik enerjisi idxalı nəzərə alınmaqla təxminən 15 GVt güc mövcuddur.
Nazir qeyd edib ki, enerji istehsalı gücünün noyabrın 1-dək 19,6 GVt-a, ilin sonunadək isə 21,4 GVt-a çatdırılması planlaşdırılır.
Hazırda Ukraynadakı 9 atom enerji blokundan 6-sı elektrik enerjisi istehsal edir. Digər 3 enerji bloku isə planlı təmirə dayandırılıb.
13:34 21.08.2026
Oxunuş sayı: 43