Plastik qabda yemək sizi ölümə apara bilər
Plastik qabların qida və içkilərin saxlanılmasında geniş istifadə olunması onların insan sağlamlığına mümkün təsirləri ilə bağlı müzakirələri gündəmdə saxlayır. Xüsusilə suyun və qidanın uzun müddət plastik qablaşdırmada saxlanılması zamanı maddələrin məhsula keçməsi ehtimalı diqqət çəkən məsələlərdəndir. Plastiklərin tərkibində istifadə olunan bəzi kimyəvi maddələrin müxtəlif şəraitlərdə qida və içkilərlə təmasda olması ilə bağlı elmi araşdırmalar aparılıb. Bu mövzu həm insan sağlamlığı, həm də plastik tullantıların ətraf mühitə təsiri baxımından aktuallığını qoruyur. Bir sıra ölkələrdə plastik qabların istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qərarlar qəbul edilir. Plastik tullantıların təbiətdə uzun müddət parçalanmaması da ekoloji problemləri daha da artırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, qonşu Gürcüstanda artıq plastik qablarda istər su olsun, istər qida maddəsi olsun, istər hər hansı bir içkinin satışı olsun, artıq bununla bağlı qərar verilmişdir ki, plastik qablarda nə su saxlamaq, nə satışını etmək, nə digər maddələrin saxlanılması qəti qadağan olunur:
"Çünki aparılmış araşdırmalar da onu göstərir ki, uzun müddət plastik qablarda su saxladıqda və ya yemək saxladıqda burada bir reaksiya baş verir. Təbii ki, bunun da tərkibində olan zəhərli maddələr – istər formaldehid olsun, istər digər kimyəvi zəhərli maddələr olsun – həm suya keçir, həm qida maddələrinə keçir. Onun üçün də bu, gələcəkdə, təbii ki, onkoloji xəstəliklərin yaranmasına gətirib çıxaran əsas amillərdən biri hesab olunur.

Hətta artıq Avropa ölkəsi olan Almaniyada da bir araşdırma aparılmışdır ki, bu plastik qabla bağlı artıq onkoloji xəstəliklərin meydana gəlməsində onun çox kiçik nanohissəcikləri həm suya qarışır, həm yeməyə qarışır və bu da orqanizmdə, təbii ki, həm ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır, həm də günümüzün əslində bəlası olan onkoloji xəstəliklərin yaranmasına gətirib çıxaran əsas amillərdən biri hesab olunur.
Artıq orada da qərar qəbul olunması gözlənilir ki, artıq, təbii ki, bir sıra Avropa ölkələrində də plastik qabların istifadəsi əks-göstəriş hesab olunur. Və təbii ki, biz bilirik ki, aparılmış araşdırmalar da onu göstərir ki, plastik qablar 3 min il, 4 min il torpaqda belə qalsa, təbii ki, nə həll olur, nə də ki reaksiya gedir. Və onun üçün də bu çox zərərli hesab olunur”.
Zeynəb Həsən
17:00 21.08.2026
Oxunuş sayı: 46