Azərbaycanda narkotik bəlasının YENİ ÜZÜ
Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 460 cinayət hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, ilin ilk altı ayında ölkədə ümumilikdə 15 420 cinayət hadisəsi qeydə alınıb. Narkotiklə bağlı cinayətlər ümumi cinayətlərin 28,9 faizini təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azdır.
Narkotiklə bağlı cinayətlərin 73 faizi satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınması ilə bağlı olub.
Bu cinayətlərin 24,6 faizi narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi, istehsalı və göndərilməsi, 1,7 faizi tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası, 0,7 faizi isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə əlaqəli olub.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 2 853 şəxs müəyyən edilib. Onların 44,2 faizinin əvvəllər də cinayət törətdiyi müəyyən olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artıb.
Eyni zamanda, bu cinayətlərin 1 386-sı narkotik aludəçiləri tərəfindən törədilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azdır.
Bundan başqa, 2026-cı ilin ilk yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2 011 inzibati xəta qeydə alınıb.
12:10 21.08.2026
Oxunuş sayı: 49