Ukrayna Moskva hava limanlarına PUA hücumu planlaşdırıb
Ukrayna rəsmiləri bu ilin əvvəlində Moskva ətrafındakı əsas hava limanlarının fəaliyyətini dayandırmağa yönəlmiş “M&M’s” kod adlı genişmiqyaslı əməliyyat planını nəzərdən keçiriblər.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” bu barədə məlumat yayıb.
Məlumata görə, plan çərçivəsində Rusiya hava hücumundan müdafiə sistemlərini yükləmək məqsədilə bir gecə ərzində 1 000-ə qədər ucuz pilotsuz uçuş aparatının buraxılması nəzərdə tutulub.
Əməliyyatın əsas texnoloji xüsusiyyəti süni intellekt sistemlərindən istifadə olmalı idi. Süni intellektlə idarə olunan avtonom PUA-ların operatorun birbaşa müdaxiləsi olmadan hədəfləri müəyyənləşdirərək zərbə endirməsi planlaşdırılıb.
Əməliyyatın əsas məqsədi Moskva ətrafında mülki aviasiya əlaqələrinin uzun müddətə dayandırılması olub. Planın müəllifləri hesab ediblər ki, bu addım beynəlxalq reyslərdən istifadə edən Rusiya rəsmilərinə, oliqarxlara və digər elita nümayəndələrinə ciddi narahatlıq yaradacaq və iqtisadi təzyiqlə birlikdə ölkə rəhbərliyini sülh danışıqlarına sövq edə bilər.
Lakin layihə Ukrayna Prezidenti Volodimir Zelenskinin narahatlığı ilə üzləşib. O, mülki əhali arasında mümkün itkilərdən və əməliyyatın beynəlxalq müstəvidə tənqid olunmasından ehtiyat edib.
Məlumata görə, nəticədə yayın ortalarına qədər məhz bu əməliyyata hazırlıq tamamilə dayandırılıb.
11:51 21.08.2026
Oxunuş sayı: 50