Azərbaycanda gənclər məmur olmaq istəyir
Ali təhsil almaq bir çox gəncin əsas hədəflərindəndir. Universitet seçimi, ixtisas və qəbul prosesi hər il minlərlə abituriyentin gündəminə çevrilir. Lakin universitet oxumaq istəməyən, başqa peşəyə yönəlmək istəyən insanlar da olur. Bəs niyə hamı universitet oxumaq istəyir? Ali təhsil həqiqətən karyera qurmaq üçün zərurətə çevrilib, yoxsa cəmiyyətdə formalaşan sosial gözləntilər bu seçimə təsir edir?
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət məmuru olmağa marağın formalaşması gənclərin ali təhsilə yönəlməsinə təsir edən amillərdən biridir. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə dövlət məmuru olmaq bəzi insanlar tərəfindən gəlir əldə etmək və sosial status qazanmaq baxımından cəlbedici peşə kimi qəbul edilir: “Azərbaycanda bu gün məmur olmaq zərurəti formalaşıb. Mən bunu təkcə Azərbaycana aid etməzdim. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə insanlar görürlər ki, dövlət məmuru ən gözəl biznes növlərindən biridir. Təəssüf ki, bu belədir. Onlar görürlər ki, sən məmur olursansa, əvvəlcədən sərmayə qoymadan haradansa gəlir əldə edə bilərsən və az işləyib çox qazana bilərsən. Təbii ki, bu, hamıya aid deyil. Sadəcə olaraq, üstünlük təşkil edən müəyyən bir təbəqə var. Ona görə də gənclərdə belə bir psixoloji faktor formalaşıb ki, mən oxuyum və gedib hansısa yerdə məmur olum, dövlət strukturunda işləyim”.

Ə.Rəhmanov qeyd edib ki, Azərbaycanda iş yerlərinin məhdud olması da gənclərin ali təhsilə marağını artıran əsas amillərdən biridir: “İkinci məsələ iş yerlərinin bu gün Azərbaycanda çox az olmasıdır. Bu faktor da özünü göstərir. Çünki peşə nədir? Peşə odur ki, sən müəyyən bir profildə inkişaf edirsən. Məsələn, avtomobil təmiri ilə məşğulsansa, bu profildə inkişaf edirsən və ondan kənara çıxmaq imkanların məhdud olur. Amma ali təhsil belədir ki, ali təhsilli olduqdan sonra bu gün hansısa idarədə mühəndis kimi işləyə bilərsən, sabah başqa bir idarədə, başqa sahədə, məsələn, mühasibatlıqda işləyə bilərsən. Yəni burada şaxələnmə imkanı var. Ona görə də əsasən bizim gənclər arasında belə bir yanaşma formalaşıb ki, oxumaq, ali təhsil almaq lazımdır”.
Zərnigar Hüseynli
12:00 21.08.2026
Oxunuş sayı: 55